“And içdim ki, dəyməmişdi” - MÜSAHİBƏ

“And içdim ki, dəyməmişdi” - MÜSAHİBƏ
15-12-2017 / 12:54 FUTBOL
711

Futzal üzrə ölkə çempionatının Yüksək Liqasında növbəti qələbəsini qazanan “Marafon Futsal” bu dəfə EKOL-u məğlub edib. Apasport.az saytı xəbər verir ki, gərgin keçən oyundan sonra qalib komandanın iranlı qapıçısı Kəsra Mehdipur AFF-nın mətbuat xidmətinə müsahibə verib.

 

- EKOL-la oyununuz kifayət qədər gərgin keçdi. Hətta mübahisələr də oldu. Oyunu bu qədər gərginləşdirən səbəblər nələr idi?
- Maraqlı oyun alındı. Əsas da birinci hissə çox gərgin keçdi. Hətta fasiləyə heç-heçə ilə yollandıq. Komandalar güc olaraq bir-birinə yaxındılar. Bu amil oyuna marağı, qələbə qazanmaq istəyi isə gərginliyi artırdı. 
 

- Xüsusilə də rəqibin vurduğu ikinci qol qeydə alınan zaman çox əsəbləşdiniz. Nəyə etiraz edirdiniz?
- Hakimə dedim ki, rəqib topu autdan birbaşa qapıya vurmuşdu. O da dedi ki, top qapıya daxil olmamışdan əvvəl sənin əlinə dəydi. And içdim, dedim, Allah haqqı dəyməmişdi. Referi sonra sozünü dəyişdi və topun yolüstü oyunçulardan birinin ayağına dəydiyini dedi. Buna görə əsəblərimə hakim ola bilmədim. Düzdü, etirazımız heç nəyi dəyişmədi və qol qeydə alındı. 


- Ən yaxın izləyicinizlə xal fərqini artırdınız. Özünüzü ikinci pillədə necə hiss edirsiniz?
- Həqiqətən də, yaxşı oyunlar keçiririk. Meydanda var gücümüzü qoyuruq ki, qələbə qazanaq. Hələ ki, işlərimiz yaxşı gedir. Çalışmalıyıq ki, qalan oyunlara da qalib gələk və fasiləyə yüksək yerdə yollanaq. 


- Mövsümün yarılanmasına 4 tur qalıb. Bütün komandalarla qarşılaşmısınız. Çempionatın səviyyəsi sizi qane edirmi?
- Oyunlar gərgin keçir. Əvvəlcədən kimin qalib gələcəyini bilmək olmur. Sürpriz nəticələr kifayət qədərdi.

 
- Debüt ilində “Marafon Futsal”ın bu qədər diqqət mərkəzində olacağını gözləyirdiniz?

- Klub rəhbərliyinin bizdən gözləntiləri yüksəkdi. Çünki biz bu ölkədə legionerik. Elə etməliyik ki, bu gözləntiləri doğrulda bilək. Komandanın çıxışını isə sürpriz saymaq olmaz. Yaxşı hazırlıq keçmişik, heyət yığılıb, şəraitimiz yüksəkdi, rəhbərlik komandaya hər cür qayğı göstərir. Ona görə də nəticələrimiz uğurlu alınır. 
 

- Hansı komandanın oyununu bəyənirsiniz?

- “Xəmsə” çox yaxşı oynayır. Onların problemi nəticəni qoruya bilməmələridi. Baxırsan ki, meydanda güclərini qoyurlar, zəhmət çəkirlər, ancaq qazandıqları üstünlüyü ikinci hissədə əldən verirlər. Üzərlərində heç bir təzyiq yoxdu deyə, çox rahat, sərbəst çıxış edirlər. 


- Çempionatımızda çəkindiyiniz hücumçu varmı?
- Açığı, belə hücumçu yoxdu.