Azərbaycanlı məşqçi Yaponiyada təltif olundu

Azərbaycanlı məşqçi Yaponiyada təltif olundu
15-12-2017 / 18:01 DÖYÜŞ NÖVLƏRİ
198

Yaponiyada Beynəlxalq Cüdo Təhsili proqramı üzrə seminarlar keçirilib. Apasport.az saytının məlumatına görə, dünya cüdosunun ən nüfuzlu tədbirlərindən olan təhsil proqramında müxtəlif ölkələrdən məşqçilər iştirak ediblər. Onlar bir ay müddətində Yaponiyanın tanınmış cüdo mütəxəssislərinin rəhbərliyi ilə təşkil olunan seminarlarda bu idman növünün sirlərinə daha yaxından yiyələniblər.

 

Seminarda ölkəmizi cüdo üzrə yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının məşqçisi Zaur Babayev təmsil edib. Məşqçimizə Beynəlxalq Cüdo Təhsili proqramının diplomu verilib. Babayevə diplomu Yaponiya Cüdo Federasiyasının Prezidenti Yamaşita Yasuhiro təqdim edib.

 

Təmsilçimiz öz növbəsində mötəbər tədbirdə iştirak etdiyi üçün federasiyaya təşəkkürünü bildirib: “Mənə bu şəraiti yaratmaqda, ölkəmizə ilk dəfə Yaponiyadan təhsil diplomunu gətirməkdə köməklik göstərən Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm. Azərbaycanı burada təmsil etmək mənim üçün çox qürurverici idi”.