"Neftçi"nin "qara siyahı"sı

16-12-2017 / 10:50 FUTBOL
4367

Ölkə kubokunda yarımfinala adlayan, Premyer Liqada isə qış fasiləsinə 5-ci pillədə yollanan “Neftçi”dən bir neçə futbolçu göndəriləcək. Apasport.az saytının məlumatına görə, baş məşqçi Tərlan Əhmədovun “qara siyahı”sı artıq tam hazırdı.

 

Müdafiəçilər Məqsəd İsayev və Rahil Məmmədov çempionatın ikinci yarısında “ağ-qaralar”ın heyətində olmayacaq. Hər iki futbolçu icarə əsasında başqa kluba göndəriləcək. Məqsədin “Keşlə”yə, Rahilin isə “Səbail”ə keçəcəyi gözlənilir.

 

“Neftçi”dən gedəcək futbolçuların sırasında Tərzin Cahangirov da var. Rəhbərlik onunla yolları birdəfəlik ayırmaq niyyətindədi. Paytaxt klubu Cahangirovu xidmətində maraqlı olan “Keşlə”yə satmağa razıdı.

 

Fəhmin Muradbəyli ilə bağlı vəziyyət isə bir qədər fərqlidi. “Səbail” gənc futbolçunu icarəyə götürmək istəyir. Lakin Tərlan Əhmədov Fəhminlə bağlı yekun qərarını verməyib. Muradbəyli limitə uyğun gəldiyindən, təcrübəli çalışdırıcı hələ fikirləşir. Əgər Fəhminin yerinə limitə düşən yaxşı futbolçu tapılsa, o, “Səbail”ə göndəriləcək.

 

“Qara siyahı”ya düşən futbolçuların sırasında legionerlər də var. Müqaviləsi bitən Pavel Dreksa ilə yanaşı, Mateo Mujek də “Neftçi”dən ayrılacaq. Xorvatiyalı müdafiəçi çox güman ki, karyerasını Qazaxıstanda davam etdirəcək.

 

Daniel Seqovia baş məşqçinin gələcək planlarına daxil olmasa da, ispan hücumçu “Neftçi”dən getmək istəmir. Onun “ağ-qaralar”dan göndərilməsi məsələsi gündəmdə olsa da, futbolçunun bakılılarla mövsümün sonuna qədər müqaviləsi var. Seqovia da məhz bundan istifadə edərək, yaya qədər “Neftçi”də qalmaq arzusundadı.

 

Qış fasiləsində “Neftçi”dən ayrılan futbolçulardan biri də Maksim Vaylo ola bilər. Üçüncü qapıçı olan Vaylonun klubla sözləşməsi davam edir. Lakin rəhbərlik təklif gələcəyi təqdirdə, Maksimi satmağa qarşı deyil.