Ruslan Abışov: Məncə, bunu bacararam – MÜSAHİBƏ

Ruslan Abışov: Məncə, bunu bacararam – MÜSAHİBƏ
17-12-2017 / 16:45 FUTBOL
3272

Milli komandamızın müdafiəçisi və “Neftçi”nin kapitanı Ruslan Abışovun apasport.az saytına müsahibəsi.

 

- Artıq Azərbaycan Premyer Liqasında ilk yarıya yekun vurulub. Birinci dövrə “Neftçi” üçün necə keçdi?

- Əvvəlcə yaxşı başlamasaq da, sonradan nisbətən toparlana bildik. Doğrudur, indi də istədiyimiz, layiq olduğumuz yerdə deyilik, amma hər halda müəyyən dərəcədə irəliləyiş oldu. Əsas hədəfimiz ilk 4-lükdə qərarlaşmaq idi, buna nail olmasaq da, düşünürəm ki, sonluğu uğurlu saymaq olar.

 

- Tərlan Əhmədovun gəlişindən sonra nə dəyişdi “Neftçi”də?

- Kənardan baxanlar da görür ki, həm oyun, həm futbolçuların özünəinamı baxımından komandada çox şey yaxşılığa doğru dəyişib. Hazırda komanda daha çox hücum futbolu oynayır. Məncə, qış fasiləsindən sonra hər şey daha yaxşı olacaq.

 

- Ölkə Kubokunda yarımfinala yüksəldiniz. Çempionatda isə “ilk üçlük”dən 14 xal geri qalaraq 5-ci pillədə qərarlaşmısız. Fasilədən sonra “Neftçi”nin əsas hədəfi nə olacaq? Kuboku qazanmaq, yoxsa əsas diqqəti çempionata yönəldib daha çox irəliləmək?

- Sözsüz ki, əsas hədəf Ölkə Kubokudur. Çünki mövsümü titulla başa vurmaq üçün ən qısa yol kubokdan keçir. Ancaq çempionatdan da əlimizi üzmürük. Çalışırıq ki, heç olmasa yekunda 3-cü pillədə qərarlaşa bilək. Qarşıda hələ çox oyunlar var, düşünürəm ki, hər iki istəyimizi reallaşdıra biləcəyik. Düzdü, bürünc medal “Neftçi” üçün uğur sayılmamalıdı, ancaq indiki halda medalçılar sırasında yer almaq çox önəmlidi.

 

- Artıq “Neftçi”də müəyyən islahatlara start verilib. Gedən oyunçuların bəzilərinin adı mətbuata açıqlanıb. Komandanın kapitanı kimi nə düşünürsən? Daha çox hansı mövqelərdə dəyişikliklər edilməlidi?

- O barədə baş məşqçi və klub rəhbərliyi artıq müəyyən planlar hazırlayıblar, uyğun mövqelər müəyyənləşdirilib və dəyişikliklər ediləcək. Amma sırf mənim fikrimi soruşursunuzsa, düşünürəm ki, hücum xəttinə yeni futbolçu dəvət olunmalıdı. Çünki əldə etdiymiz imkanları reallaşdırmaq baxımından müəyyən problemlərimiz var. Düzdü, qış fasiləsində yaxşı oyunçu tapmaq o qədər də asan deyil, ancaq rəhbərliyin və baş məşqçinin düzgün qərar verərək, lazımi oyunçuları komandaya gətirəcəyinə inanıram.

 

- Qurban Qurbanovun gəlişi ilə milli komandada hansı dəyişiklilər olacaq?

- Qurban müəllimi çoxdan tanıyıram. Futbola gəlişimdə, hazırkı səviyyədə yetişməyimdə onun əvəzsiz xidməti və köməyi olub. Azərbaycan futbolunu, oyunçuları yaxşı tanıyır, futbolçuların xarakterlərini bilir. Biz də dəvət aldığımız müddətdə çalışacağıq ki, futbolçu kimi ona əlimizdən gələn köməkliyi edək.

 

- Robert Prosineçkinin vaxtında milliyə davamlı dəvət alsan da, oyunlarda iştirak etmirdin. Hazırda Rəşad Sadıqovdan sonra müdafiənin mərkəzində yaranmış boşluq var. Necə düşünürsən, Qurban müəllim şans versə, müdafiənin mərkəzindəki həmin boşluğu doldura biləcəksənmi?

- Prosineçkinin vaxtında demək olar ki, bütün toplanışlara dəvət alsam da, əsas heyətdə meydana çıxa bilmirdim. Bu da mənə pis təsir edirdi. Qeyd etdiyiniz Rəşaddan yaranmış boşluğu doldurmaq təbii ki, çox çətin olacaq. Azərbaycan futbolunda Sadıqov kimi mərkəz müdafiəçisi çox az olub. Amma inanıram ki, əgər Qurban müəllim mənə şans versə, əlimdən gələnin daha artığını edib müdafiədəki çatışmazlığı doldurmağı bacararam. Yenidən əvvəlki kimi millidə mütəmadi oynamaq, komandama xidmət etmək istəyirəm.

 

- Milli komandamızın AÇ-2020-də iştirak ehtimalı bundan əvvəlki digər böyük turnirlərlə müqayisədə indi daha çoxdu. Millətlər Liqasını nəzərə alsaq, düşünmək olar ki, qitə birinciliyi indi bizə daha yaxındı. Əgər komandamız yarışın final mərhələsinə yüksəlsə, özünü AÇ-də iştirak edəcək millidə görürsənmi?

- Əvvəlcə onu qeyd edim ki, sadaladığınız nüanslarla yanaşı, milli komandamızın Avropa çempionatında iştirak etmək üçün ən əsas stimulu Qurban Qurbanov amilidir. Qaldı ki, mənim həmin komandada olmağıma, təbii ki, çox şey özümdən asılıdı. Formada olsam, yaxşı çalışsam, mütəmadi oyun təcrübəm olsa, ən əsası, zədələrdən qaça bilsəm, dəvət alacağıma inanıram. Və komandaya kömək eləməyə də gücüm çatar.

 

- Artıq 30 yaşın var. Necə düşünürsə, bundan sonra legioner karyerası yaşamaq ehtimalı varmı? Mümkün ola bilərmi elə bir şey?

- Futboldu, burda zaman çox sürətli keçir və vəziyyət tez-tez dəyişir. Əsas odu ki, mən klubumda və millidə yaxşı çıxış edim. O zaman müəyyən təkliflər də ola bilər. Əgər təklif də olsa, təbii ki, düşünərəm. Yaşın buna heç bir dəxli yoxdu və problem yaratmaz.

 

Zaur XUDİYEV