Cüdo yığmamız neçə medal qazanıb?

Cüdo yığmamız neçə medal qazanıb?
18-12-2017 / 12:53 DÖYÜŞ NÖVLƏRİ
207

2017-ci ildə cüdo üzrə keçirilən beynəlxalq turnirlərdə sahibini tapan medalların ölkələr üzrə bölgüsü açıqlanıb. Apasport.az saytının məlumatına görə, yeniyetmələr, gənclər və böyüklər arasında baş tutan yarışlarının yekununa əsasən Azərbaycan yığması 11-ci yerdə qərarlaşıb.

 

Belə ki, cüdoçularımız il ərzində 120 medal əldə edib. Bu mükafatlardan 35-nin əyarı qızıl olub. İdmançılarımız 33 dəfə finalda uduzaraq, “gümüş”ə yiyələndiyi halda, 52 dəfə “bürünc döyüşü”nun qalibi adını qazanıblar.

 

Kişilərin mübarizəsində isə Azərbaycan dünya dördüncüsüdü. Bu növ üzrə millimizin aktivində 31 qızıl, 30 gümüş və 41 bürünc medal var. Ölkəmiz bu siyahıda Rusiya (78-63-107), Yaponiya (42-16-34) və Braziliyadan (38-22-31) geri qalır.

 

Qadınların yarışında 4 qızıl, 3 gümüş və 11 bürünc medala yiyələnmişik. Azərbaycan bu cədvəldə 38-cidi.

 

Ümumi siyahıya isə Yaponiya başçılıq edir. Cüdonun yaradıcılarının hesabında 118 qızıl, 44 gümüş və 73 bürünc medal var. İkinci pillədə Rusiya (110-120-182), üçüncü yerdə Braziliya (86-45-63) qərarlaşıb.

 

Bu il yarışlara qatılan 134 ölkədən 116-sı medal sevinci yaşayıb. Onlardan 84-nün idmançısı beynəlxalq arenada himnini səsləndirməyi bacarıb. Müqayisə üçün bildirək ki, Ermənistan yığması isə il ərzində cəmi bir gümüş və 5 bürünc medal qazanmaqla, 2017-ci ili 88-ci yerdə bitirib.