“Qalatasaray”ın istədiyi məşqçi: Mənimlə böyük klub maraqlanmalıdı

“Qalatasaray”ın istədiyi məşqçi: Mənimlə böyük klub maraqlanmalıdı
18-12-2017 / 17:49 FUTBOL
637

İqor Tudorla yolları ayıran “Qalatasaray” rəhbərliyi yeni baş məşqçi axtarışına çıxıb. Apasport.az saytı xəbər verir ki, İstanbul təmsilçisinin danışıq apardığı mütəxəssislərin sırasında Loran Blan da var.  

 

Lakin fransalı çalışdırıcının Türkiyədə işləməyə maraqlı olmadığı üzə çıxıb. Məsələ ilə bağlı “Le Parisien” qəzetinə danışan fransalı maraqlı fikirlər səsləndirib.

 

O, məşqçiliyə qayıtmaq istədiyini desə də, bu vaxta qədər aldığı təklifləri geri çevirdiyini qeyd edib. Blan həmin klubların adını çəkməsə də, onlardan birinin “Qalatasaray” olduğu ehtimal olunur: “Almaniya Bundesliqası yaxşı çempionatdı. Amma o dildə danışa bilmirəm. Belə olan halda isə məşqçinin işi çətinləşir. Düzdü, təkliflər alıram. Amma mənimlə böyük klub maraqlanmalıdı. Əks halda, gələn təkliflərin heç bir önəmi yoxdu”.
 

Son iş yeri PSJ olan Blanla “Qalatasaray”dan öncə ABŞ yığması da danışıq aparıb. Lakin təcrübəli mütəxəssis həmin təklifi də qəbul etməyib: “ABŞ millisini çalışdıra bilərdim. Amma təklifə “yox” dedim. Fransa yığmasından başqa milli komanda mənlik deyil. Buna görə də ABŞ-ın təklifini rədd etdim”.