Azərbaycan yığmasında iştirakına “STOP” dedilər

Azərbaycan yığmasında iştirakına “STOP” dedilər
21-12-2017 / 11:36 ATLETİKA
2981

“Ukrayna millisinin heyətində Olimpiya Oyunlarına getməyəcəyim dəqiqləşəndə, atamla birlikdə ölkə xaricindən olan təklifləri götür-qoy etməyə başladıq. Nəticədə seçimimizi Gürcüstanın üzərində dayandırdıq”. Apasport.az saytının məlumatına görə, bunu Gürcüstan millisinin ağırlıqqaldıranı Anastasiya Hotfrid (90 kq) deyib.

 

1996-cı ildə Ukraynada anadan olan idmançının Azərbaycan millisində çıxış etmək şansı olub.

 

Bunu Hotfridin özü vətənində verdiyi müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, ölkəsində problemlə üzləşdikdən sonra Azərbaycan üz tutsa da, son anda Beynəlxalq Ağırlıqqaldırma Federasiyası millimizdə iştirakına “stop” qoyub: “Ukraynadan getmək istədiyim vaxt başqa variantlar da var idi. Azərbaycan və Rusiyadan təkliflər almışdım. Hətta rusiyalılar ən sərfəli maliyyə şərtləri təklif edirdilər. Lakin Gürcüstanı seçdik. Mehriban, gözəl ölkə, səmimi insanlar... Bundan əvvəl sonadək ümid edirdim ki, Ukraynaya lazımam. Amma imtina ilə üzləşəndə özümü Azərbaycanda sınamağa qərar verdim. Beynəlxalq Ağırlıqqaldırma Federasiyası bu komandada çıxış etməyimə icazə verməyəndə təəccübümün həddi-hüdudu yox idi”.

 

Nəticədə Azərbaycan vətəndaşlığı ala bilməyən ağırlıqqaldıran Gürcüstana üz tutub. Bu ölkəyə Avropa çempionatının gümüş medalını qazandıran Hotfrid bir qədər öncə Anahaymda başa çatan dünya çempionatında bu ölkəyə tarixində ilk qızıl medalı qazandırıb.