“Bakı sevgimi qazandı” - Kseniya İvanoviç

“Bakı sevgimi qazandı”  - Kseniya İvanoviç
09-01-2018 / 10:37 TOP OYUNLARI
699

“Azərbaycanda 2 mövsüm keçirdim. İlk mövsümdə finalda “Azərreyl”ə uduzduq. Ötən il isə həmin komandanı həlledici mərhələdə məğlub etdik”. Apasport.az saytının məlumatına görə, bu sözlər Monteneqro millisinin voleybolçusu Kseniya İvanoviçə məxsusdu.

 

Serbiya mətbuatına verdiyi müsahibəsində “Telekom” klubunda oynadığı vaxtları yada salan 32 yaşlı hücumçu ölkəmiz haqda xoş sözlər deyib: “Çox fenomenal hisslər yaşadım. Bir neçə gün qazandığım Azərbaycan çempionluğunun eyforiyasında oldum. Zoran Qayiç kimi böyük mütəxəssislə çalışmaq şübhəsiz ki, mənim üçün çox dəyərli bir təcrübə idi. Azərbaycandakı iki ildə tək voleybol deyil, həyat haqda da çox şey öyrəndim. O ki qaldı Azərbaycana, bütün komandaların bir şəhəri – Bakını təmsil etməsi maraqlı idi. Bu üzdən də mənim digər şəhərləri görmək imkanım olmadı”.

 

Super Liqada 2 il oynayıb, qızıl və gümüş medal qazanan İvanoviç Bakını bəyəndiyini də gizlətməyib. Lakin o, “Telekom”u “Rabitə”nin varisi hesab edib: “Bakı mənim sevgimi qazandı. “Telekom”a gəlincə, son 10 ildə 9 dəfə çempion adına yiyələnib. Bu komanda böyük oyunçuların çıxış etdiyi nəhəng klubdu”.

 

Təcrübəli voleybolçu “Telekom”un dağılmasına təəssüfünü də gizlətməyib. O, çempionluqdan təxminən 1 ay sonra komanda dağılmasını üzücü hadisə kimi dəyərləndirib.