Vaqif Cavadovun futbolçulara arzusu: Hamısı mənim kimi karyera yaşasın

Vaqif Cavadovun futbolçulara arzusu: Hamısı mənim kimi karyera yaşasın
11-01-2018 / 15:50 FUTBOL
1221

“Keşlə”nin yeni transferi Vaqif Cavadov bu gün I divizion təmsilçisi “Qaradağ Lökbatan”la (3:1) keçirilən yoxlama görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının əməkdaşının da iştirak etdiyi müsahibədə hücumameyilli yarımmüdafiəçi gələcək hədəflərindən söz açıb.

 

- Artıq xeyli vaxtdı “Keşlə”dəsiz. Müqaviləni bağlamısızmı?

- Bəli, artıq imzalamışam.

 

- Müqavilənin müddəti nə qədərdi?

- 6 ay +1 il.

 

- Bir müddət öncə də komandanın düşərgəsindəydiz. Amma ayrıldız və yenidən qayıtdız. Bu nə ilə bağlıdı?

- Müxtəlif nüanslar var idi. Müqavilənin şərtlərini hər iki tərəf düşündü, sonda ortaq məxrəcə gəldik.

 

- 2013-14 mövsümündə də “İnter”də oynamısız. Həmin vaxtla müqayisədə komandada hansı fərqlər var?

- Arada çox böyük fərq var. İnanıram ki, əvvəlki komandanı qaytarmaq olar. Yeni futbolçular da gələcək. Ümid edirik ki, yaxşı forma yığıb, uğurlu çıxış edəcəyik.

 

- Bir müddət futboldan kənarda qaldız. Özünüzü necə hiss edirsiz?

- Məncə, heç bir problem yoxdu. Toplanışa yeni başlamışıq. Mövsümün ikinci yarısına qədər tam hazır olacağıq.

 

- “Tvente”yə getməklə Azərbaycan futbolçusu üçün zirvəni gördüz. Lakin qısa müddət sonra klublarımıza lazım olmadız...

- Belə deməzdim. Bəzi amillər var. Bilmirəm nəyə görə. Ola bilər ki, kiminsə mənimlə problemi olub. Ancaq mən sarıdan heç bir problem yoxdu.

 

- Sizə mane olublar?

- Bunu deyə bilmərəm. Arzu edirəm ki, hər bir futbolçu mənim kimi karyera yaşasın. Elə çox yaşım da yoxdu ki, karyeramı bitirim. Belə bir şey ola da bilməz.

 

- İkinci nəfəsin açılacağına ümid edirsiz?

- Hər şey mümkündü. 40 yaşım yoxdu ki, problem yaşayım. Niyə də olmasın? Hər şey futbolçudan və komandadan asılıdı.

 

- Bundan sonrakı hədəfiniz nədi?

- Hədəfim artıq “Keşlə” ilə bağlıdı. “Keşlə”nin hədəfi də kuboku qazanmaq və çempionatda yüksək pillələrdən birini tutmaqdı.

 

- Yenidən milliyə qayıda bilərsizmi?

- Bu, mənim oyunumdan və baş məşqçinin qərarından asılı olacaq. Elə danışırsız ki, sanki 40 yaşım var, futboldan artıq getmişəm. Meydanda hər şey görünəcək. Kim yaxşı oynayacaq, baş məşqçi Qurban Qurbanov da ona dəvət göndərəcək.

 

- Yeri gəlmişkən, Qurban Qurbanovun təyinatına münasibətiniz necədi?

- Bu təyinatı hamı çoxdan gözləyirdi. Yerli məşqçilərdən ora bir namizəd var idi, o da Qurban müəllim. Onu çətin iş gözləyir. Berti Foqtsa, Robert Prosineçkiyə məğlub olanda heç nə demirdizsə, Qurban müəllimə də dəstək olmalısız. Mediadan çox şey asılıdı. Yerli məşqçidi, ona daha çox kömək etmək lazımdı. Üstəlik, Qurban müəllim iki yerdə çalışacaq.

 

- Sanki mətbuatdan incikliyiniz var...

- Heç bir inciklik yoxdu. Belə olsaydı, sizə müsahibə verməzdim.

 

- Foqtsun vaxtında heç futbolçular da onun əleyhinə danışmırdılar...

- Mən danışmamışam? Milliləşən futbolçularla bağlı sualları həmişə mənə və Mahir Şükürova verirdiz. Ancaq Prosineçkinin dönəmində hansısa oyunçuya belə sual verdiyinizi görmədim. Mən isə bu sualları həmişə cavablandırmışam. Bu da arxivdə var. Mətbuatdan heç vaxt qaçmamışam, sizinlə həmişə dostluq etmişəm. Belə də davam edəcəm.