Riçard Qadze: Azərbaycan çempionatı möhtəşəmdi - MÜSAHİBƏ

Riçard Qadze: Azərbaycan çempionatı möhtəşəmdi - MÜSAHİBƏ
11-01-2018 / 17:55 FUTBOL
1416

“Zirə”nin hücumçusu Riçard Qadzenin apasport.az saytına müsahibəsi

 

- Qış fasiləsinə qədər qazandığınız nəticələri və göstərdiyiniz oyunu qaneedici hesab edirsinizmi?

- Maraqlı iki dövrə keçdi. Oyunlar gərginliyi ilə yadda qaldı. Açığı, komandalar bir-birilərinə kifayət qədər müqavimət göstərdilər. Çalışdıq ki, hədəfimizdən uzaq düşməyək. Əgər fasiləyə ilk “3-lük”də getmişiksə və ən yaxın izləyicimizi 10 xal qabaqlayırıqsa, nəticənin qaneedici olduğunu demək olar.

 

- Hansı axsamalar daha yüksək pillədə yer almağınıza mane oldu?

- Hazırda turnir cədvəlində üçüncü pillədə yer almışıqsa, deməli, ilk 2 dövrə bizim üçün pis keçməyib. Bu bizi qane edirsə, hansısa axsamadan, zəif çıxışdan danışmaq mümkün deyil.

 

- Aydın məsələdi ki, qış fasiləsindən sonrakı dönəm daha çətin keçəcək. Geridən gələn komandaların hansından ehtiyatlanırsınız?

- Hansısa komandanı fərqləndirmək düzgün deyil. Çünki onların hamısı bizim üçün rəqibdi. Onları zəif-güclü deyib, ayırmırıq. Hamısına güclü komanda kimi baxırıq. Çünki fərqi yoxdu kiminlə oynayırsan, uduzursansa, 3 xaldan məhrum olursan. Onda rəqibin zəif və ya güclü olduğunu nəzərə almırlar.

 

- “Zirə” üçün əsas sima hesab edilən və vurduğu qollarla vacib xallar qazandıran Təmkin Xəlilzadənin “Qəbələ”yə transferi komandanızı zəiflətməyəcək?

- “Zirə” hansısa futbolçudan asılı komanda deyil. Düzdü, Təmkin bizim üçün vacib futbolçu idi. Ancaq şans verildiyi zaman hər kəs özünü yaxşı tərəfdən göstərməyə qadirdi.

 

- Bundan sonrakı tapşırıq hazırkı mövqeyi qorumaqdı. Maksimum üçün mübarizə aparmamaq motivasiya baxımından çətinlik yaratmayacaq?

- Bizə çempionatı mükafatçılar sırasında başa vurmaq lazımdı. Bunun üçün hələ 14 oyun keçirməliyik. Çətin olacaq, amma tapşırığın öhdəsindən gəlmək, yenidən Avropa Liqasında oynamaq istəyirik. Motivasiya ilə bağlı problem yaşamayacağıq.

 

- Qış fasiləsinə qədər 6 qol vurmusunuz. 14 matçda bu göstərici bir hücumçu üçün zəif deyil?

- Qışa qədər 6 qol vurmuşam və bir neçə məhsuldar ötürmə vermişəm. Açığı, özüm üçün pis göstərici deyil. Fasilədən sonra qollarımın sayını artımalıyam. Çünki yekunda bombardir olmaq istəyirəm.

 

- Bəzi futbolçular süni örtükdə oynamaqdan şikayətlənirlər. Sizin belə probleminiz varmı?

- Klub ev oyunlarını belə örtüklü meydançada keçirir. Bunu əvvəlcədən bilirdik. Çalışırıq problem yaranmasın. Ancaq bundan tam qaçmaq mümkün deyil. Bəzən süni meydançada oynamaq çətin olur.

 

- Çempionatla bağlı necə, xüsusi qeyd etmək istədiyiniz məqam varmı?

- Premyer Liqanın perspektivi çox yüksəkdi. Ötən illə müqayisə etsək, cari çempionat bizim üçün yaxşı keçir. İstedadımı və bacarığımı nümayiş etdirmək üçün Premyer Liqa möhtəşəm çempionatdı.