Yığmamızın oyunçuları Türkiyədə məğlubiyyətə üzüldülər

Yığmamızın oyunçuları Türkiyədə məğlubiyyətə üzüldülər
15-01-2018 / 09:17 TOP OYUNLARI
424

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında XIII turun matçları keçirilib. Apasport.az saytının məlumatına görə, II dövrənin II həftəsi Azərbaycan millisinin oyunçuları üçün uğursuz alınıb.

 

Belə ki, Polina Rəhimovanın şərəfini qoruduğu “Fənərbaxça” “Halkbank”ın qonağı olub. Matç gözlənilmədən ev sahiblərinin 3:1 hesabı qələbəsi ilə yekunlaşıb. Hücumçumuz görüşdə 21 xal toplayıb.

 

Millimizin kapitanı Odina Əliyevanın çıxış etdiyi “Seramiksan” da eyni hesabla uduzub. Komanda “Bursa BB” ilə bacarmayıb. Əliyeva “Seramiksan”a 15 dəqiq zərbə ilə fayda verib.

 

Yığmamızın digər hücumçusu Yana Kulanın formasını geyindiyi “Beylikdüzü” isə “Vakıfbank”ı qəbul edib. Matç qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Kulan 23 xal toplamaqla matçın bombardiri olub.

 

“Beşiktaş”da çıxış edən Marqarita Əzizova da 1:3 hesablı məğlubiyyətə üzülüb. İstanbul təmsilçisinin uduzduğu görüşdə voleybolçumuz son setdə meydana çıxıb və 2 xal qazanıb.

 

Beləliklə, XIII turun yekununa əsasən 31 xala malik “Fənərbaxça” 3-cüdü. “Beşiktaş”ın 16 xalla 7-ci olduğu turnir cədvəlində “Beylikdüzü” 9-cü (13 xal), “Seramiksan” 10-cüdu (11 xal).