“Futbolçuların səviyyəsi gündən-günə düşür” – MÜSAHİBƏ

“Futbolçuların səviyyəsi gündən-günə düşür” – MÜSAHİBƏ
16-01-2018 / 15:00 FUTBOL
2089

“Neftçi”nin sabiq baş məşqçisi Elxan Abdullayevin apasport.az saytına müsahibəsi

 

- Klublarımızın transfer fəaliyyətini bir mütəxəssis kimi necə dəyərləndirərdiniz?

- Transferlər barədə çox danışmaq olar. Amma hər klubun öz büdcəsi, yolu var. Bu səbəbdən kənardan nəsə demək düz çıxmaz. Əlbəttə ki, hər bir klub yaxşı futbolçular cəlb etmək istəyər. Ancaq hər şey maliyyədən asılıdı. Əvvəllər yaxşı büdcə var idi, çox sayda transferlər edilirdi. İndi isə pul olmadığından, həm əcnəbilərin, həm də yerlilərin səviyyəsi gündən-günə düşür. Bu da təbii haldı. Yaxşı büdcə olandan sonra güclü futbolçu gətirməyə nə var ki.

 

- Əcnəbilərin sayının getdikcə azalması yerlilərə əlavə şans yaradır. Sizcə, bu, futbolçularımızın inkişafına təkan verəcək, yoxsa onlarda arxayınlıq yaradacaq?

- 20 il əvvəl bir nəfər də legioner futbolçu yox idi. Ancaq yerlilərlə böyük nəticələr əldə edilmirdi. Mən klublarımıza yaxşı legionerlərin gətirilməsinin tərəfdarıyam. Hər xarici pasportu olanı da legioner futbolçu saymaq olmaz. “Qarabağ” son illər nəyə görə uğurlu nəticələr göstərdi? Çünki komandaya güclü legionerlər cəlb olunmuşdu. Həmin futbolçular da yaxşı pula gəlmişdilər. Buna görə də, futbolumuza tezliklə yaxşı pulların, futbolu sevən biznesmenlərin gəlməsini arzulayıram. Yeganə çıxış yolu budu. I diviziondan, həvəskarlar liqasından da yerli futbolçular gətirmək olar. Orda istedadlı uşaqlar var. Sadəcə, axtarmaq lazımdı. Təbii ki, yerlilər güclü əcnəbilərlə məşq keçəndə, daha sürətlə inkişaf edirlər.

 

- Son vaxtlar tək-tük bacarıqlı yerli futbolçu üzə çıxır. Problemin kökünü nədə axtarmaq lazımdı?

- Bunu məktəblərdə, akademiyalarda axtarmaq lazımdı. Bu, böyük prosesdi. Əvəzedici heyətdən əsas komandaya çox az sayda oyunçu keçid edir. Halbuki əvəzedici heyət ikinci komanda sayılır və oyunçular ordan gəlməlidilər. Bir az ağır mövzudu, müzakirə edəsi olsaq, gərək 3 saat danışaq.

 

- Sabiq komandanız “Neftçi” sizin vaxtınızda cəlb olunan futbolçuları bir-bir yola salır. Yəni onlar bu qədər zəifdilər?

- Bunun doğru addım olub-olmadığını zaman göstərəcək. Mən o futbolçulara inandığım üçün yığmışdım. Düşünürdüm ki, onlarla nəsə edə bilərəm. Əlbəttə ki, yaxşı büdcə olsaydı, qat-qat güclü futbolçular gətirərdim. İmkan daxilində onları gətirmişdim. Hazırkı baş məşqçinin başqa oyunçulara güvənməsi də normaldı. Təki daha yaxşı olsun, komanda uğurlu çıxış etsin. Çünki “Neftçi” “Neftçi”di.

 

- İFFHS ölkə çempionatlarının son reytinqini açıqlayıb və Azərbaycan Premyer Liqası 33-cü yerdən 50-ci pilləyə yuvarlanıb. Sizcə, bu qədər geriləmə nədən qaynaqlanır?

- Əsas səbəb komandaların sayının azlığıdı. Əgər Cəbəllütariq, San-Marino kimi ölkələrdə 10-15 komanda varsa, bizdə niyə 8 klub çıxış edir? Bunun da səbəbləri var. 8 komandalı yarışdan nə gözləyə bilərsən? Bunun reytinqə böyük təsiri olur. Premyer Liqada 16 komanda iştirak etsəydi, ikiqat çox futbolçu mübarizə aparardı. Hazırda çempionatımızda “Qarabağ” və digərləri var.

 

- Gedişat onu göstərir ki, yaxın gələcəkdə komandaların sayı ən yaxşı halda 10-a yüksələ bilər. Bununla futbolçularımız necə inkişaf edə, yığmamız uğurlu nəticələr göstərə bilər?

- Əlbəttə ki, vəziyyət pisləşir. İnanmaq istəyirəm ki, tezliklə daha yaxşı çempionat keçirilər. Bu, artıq mənim və ya sizin işiniz deyil. AFFA və PFL rəsmiləri yəqin ki, bu barədə fikirləşirlər. Yaxşı sponsor cəlb etmək də çətindi. Aidiyyəti qurumlar çıxış yolları axtarırlar.

 

- Həm Qurban Qurbanov, həm də Rəşad Sadıqov millilərdə fəaliyyətə artıq başlayıblar. Sizcə, onların eyni anda iki işdə çalışmaları “Qarabağ”a mənfi təsir edə bilərmi?

- Məncə, hansısa mənfi təsir olmayacaq. Çünki Qurban Qurbanovun “Qarabağ”da köməkçiləri də var. Orda hər şey yaxşıdı. Həm Qurban, həm də Rəşad çalışqan, ağıllı insanlardı, öz işlərini bilirlər. İnanıram ki, onlar uğur qazanacaqlar.

 

Ruslan SADIQOV