“Qarabağ”ın istədiyi futbolçuya məsləhət: Müsbət cavab ver

“Qarabağ”ın istədiyi futbolçuya məsləhət: Müsbət cavab ver
19-01-2018 / 09:40 FUTBOL
2093

“Qarabağ”ın maraq dairəsində olan “Mamelodi Sandaunz”un hücumçusu Xama Billiatın transfer məsələsi ölkəsi Zimbabvedə ciddi müzakirə mövzusuna çevrilib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, 28 yaşlı forvard Afrika klublarından çox sayda təkliflər almasına baxmayaraq, mütəxəssislər ona Avropaya yollanmağı məsləhət görür.

 

Zimbabve mətbuatı Billiatın Avropa klublarından yalnız “Qarabağ”dan rəsmi təklif aldığını yazıb. Futbolçunun “Mamelodi Sandaunz”la müqavilə müddəti yaya qədər olduğundan, o, istədiyi komanda ilə anlaşmaqda sərbəstdi. Klubu isə Billiatı qış transfer dönəmində satıb, gəlir əldə etmək niyyətindədi.

 

Zimbabve millisinin baş məşqçisi Sandey Çidzambva CAR klubları ilə yanaşı, Mərakeş və Səudiyyə Ərəbistanından təklif alan Billiatın “köhnə dünya”ya yollanmasının tərəfdarıdı. O, bunun həm hücumçuya, həm də milliyə xeyir verəcəyini düşünür: “Billiat yığmanın aparıcı oyunçularından biridi. Düşünürəm ki, Avropa klublarından birinə keçsə, oyununu daha da inkişaf etdirəcək. Əsas məsələ futbolçunun hansı kluba keçmək istəməsidi. Şəxsən mən onun Sudanla müqayisədə Avropaya getməsinin tərəfdarıyam. Bu o demək deyil ki, burda rəqabət yoxdu. Sadəcə, Avropada futbola maraq daha böyükdü və ordakı oyunlar hər həftə izlənilir”.

 

Zimbabve yığmasının sabiq çalışdırıcısı Norman Mapeza da həmkarı ilə eyni fikirdədi: “Xama Afrika klublarından birinə keçsə, istedadını bundan artıq açmayacaq. Burda artıq maksimumu edib. Avropaya getməli və orda gücünü sınamalıdı. Əgər Avropanın liqasından asılı olmayaraq, hər hansı bir komandası onun xidmətində maraqlıdısa, Billiat mütləq müsbət cavab verməlidi. Avropaya getməli, ən azı 3-5 il orda təcrübəsini artırmalıdı”.

 

Qeyd edək ki, Xama Billiat 2013-cü ildən formasını geyindiyi “Mamelodi Sandaunz”un heyətində 128 matçda 41 qola imza atıb.