“Həmin oyun bizim üçün final matçı olacaq” - Joze Alesio

“Həmin oyun bizim üçün final matçı olacaq” - Joze Alesio
19-01-2018 / 11:37 FUTBOL
794

“Sabah 20 Yanvar, Ümummilli Matəm Günüdü. Allah şəhidlərə rəhmət etsin”. Apasport.az saytı xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Joze Alesio Da Silva deyib.

 

Yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın Lyublyana şəhərində keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək yığmamız təlim-məşq toplanışını Bakıda davam etdirir. 

 

Bu gün brifinq keçirən millimizin çalışdırıcısı komandanın hazırkı durumunu və qitə birinciliyindəki şansını dəyərləndirib: “Legionerlər komandaya qoşulub. Tam heyətlə məşq edirik. Ayın 23-də və 24-də İranla yoldaşlıq oyunları keçirəcəyik. Sonra Avropa çempionatına aparacağımız tam heyət müəyyənləşəcək”.

 

- Avropa çempionatında komandanın qarşısına hansı hədəf qoyulub?

- Əsas məqsəd mərhələ adlamaqdı. Birinci oyunumuz Fransa millisinə qarşı olacaq. Mən deyərdim ki, həmin görüş bizim üçün final xarakteri daşıyacaq.

 

- İspaniya millisi də güclü komandalardan sayılır...

- Düzdü, İspaniya son Avropa çempionudu və dəfələrlə bu uğura imza atıb. Bu komandanın gücü hər kəsə bəllidi. Sadəcə, ilk oyunumuz Fransaya qarşı olacaq. Buna görə də, birinci növbədə fransızlarla görüşü düşünürəm.

 

- Legioner həyatı yaşayan Vassoura, Fineo və Vitali Borisovun hazırlığı nə yerdədi?

- Vassouranın durumu normaldı. Çünki hazırda Dubayda ölkə çempionatı davam edir. 3 gün bundan qabaq oyun keçirib, gəlib. Ayın 23-də və 24-də də oyunları var, orda çempionat gedir. Vitalinin vəziyyətinə gəlincə, Serbiyada çempionat bitib və Borisov 20 günə yaxındı ki, məşq etmir. Fineo da 20-25 gündü hazırlıq keçmir. Onların klublarının iştirak etdiyi çempionatlarda oyunlar başa çatıb.

 

- Əvvəlki mövsümlərdə yığmanın bazası “Araz” hesab olunurdu. İlk dəfədi ki, millimizə legioner həyatı yaşayan 3 futzalçı da qoşulub. Bu, taktiki mənada komandaya müsbət, yoxsa mənfi təsir edəcək?

- Legionerlərimiz də səviyyəli və təcrübəli oyunçulardı. Məncə, elə bir problem yaranmayacaq. Hazırda ancaq millini düşünürəm. “Araz”a gəlincə, bu komanda çempionatda birinci yerdə gedir və çempionluq uğrunda mübarizə aparır. Legionerlərimiz, xüsusən də, Borisov və Vassoura mənim taktikama bələddi. Bir yerdə işləmişik. Düşünürəm ki, bu baxımdan Fineoya bir qədər çətin olacaq. Amma vaxtımız var. Çalışacam ki, o da taktikamı qavrasın.

 

- Çempionatda ən çox qol vuran futzalçılardan biri də Renat Sultanovdu. Lakin onu milliyə çağırmamısız. Bunun səbəbi nədi?

- O, yığmaya çağırılmışdı. Amma mənə məlumat verildi ki, Renat çimərlik yığmasının heyətində turnirə yollanıb. Buna görə də, imtina etdim.

 

- Sultanov İrandakı turnirdə ona şans verməməyinizdən gileylənmişdi...

- Mənim taktikam çətin olduğu üçün oynatmamışam. Renat tam hazır deyildi.

 

- Avropa çempionatı üçün hansı sürpriz hazırlamısız?

- Təbii ki, sürpriz hazırlamışam. Məşq etdiyimiz, üzərində çalışdığımız şeylər alınmasa, sürprizlər olacaq.