"Narahat olsaydım, “Keşlə”yə keçərdim" - MÜSAHİBƏ

19-01-2018 / 13:00 FUTBOL
1153

Azərbaycan millisinin hücumçusu Rauf Əliyevin apasport.az saytına müsahibəsi

 

- “Keşlə” ilə ortaq məxrəcə gələ bilməməyinizin səbəbi nə oldu?

- “Keşlə” ilə anlaşa bilmədik. Çünki onlar daha uzunmüddətli müqavilə bağlamaq istəyirdilər. Əvvəlcə il yarımlıq müqavilə təklif etmişdilər. Sonra bunu 1 ilə endirdilər. Bu səbəbdən də danışıq müsbət nəticələnmədi. Mən buna razılıq vermədim.

 

- Klubun uzunmüddətli müqavilə bağlamaq istəməsinin səbəbi yayda havayı gedə bilməməyiniz ola bilərmi?

- Mən 6 aylıq müqaviləni ona görə istəmirdim ki, mövsüm başa çatan kimi mütləq ordan ayrılacam. Belə bir fikrim yox idi. Sadəcə, klubun digər oyunçularla olduğu kimi, mənimlə də 6 aylıq sözləşmə imzalamasını istədim. Mövsüm başa çatdıqdan sonra da rəhbərliklə oturub yeni müqavilə məsələsini müzakirə edə bilərdik. Ancaq onlar uzunmüddətli müqavilə istədilər. Bu da mənə sərf eləmir.

 

- Bəlkə çıxılmaz vəziyyətdə qaldığınızı görüb, bundan yararlanmaq istəyiblər?

- Ola bilər. Hər şey olar.

 

- “Keşlə”yə keçməyəcəyiniz artıq dəqiqdi?

- Dəqiq bilmirəm. Son danışıqlarımız belə olmuşdu.

 

- Birillik müqaviləyə heç cür razılıq verməyəcəksiniz?

- Xeyr, istəmirəm.

 

- Axı mövsümün sonuna qədər klubsuz qala bilərsiniz...

- Klubsuz qalsam da, məşq keçə bilərəm. Sadəcə, yaya qədər oyunlarda iştirak etməyəcəm. 4-5 ay evdə oturmayıb müntəzəm məşqlərimi etsəm, problem olmaz.

 

- Hər halda 6 ay klubsuz qalan futbolçuya yayda hər komandadan təklif gəlməyəcək...

- Ümid edirəm ki, bu baxımdan problemlə üzləşmərəm. Necə olacağını hələ bilmirəm.

 

- Yaz/payız sistemi ilə keçirilən çempionatlarda iştirak etmək şansınız nə qədərdi?

- Bəli, belə bir ehtimal var. Həmin sistemlə keçirilən 1-2 ölkədən təklif var. Sadəcə, konkret bir şey yoxdu.

 

- Belə vəziyyətə düşməyinizdə kimi günahkar bilirsiniz?

- Açığı, o qədər də narahatlığım yoxdu. Bu vəziyyətə düşdüyüm üçün çox da fikir eləmirəm. Həyatdı, insanın başına hər iş gələ bilər. Əgər narahat olsaydım, “Keşlə”nin təklifini qəbul edib, orda oynayardım.