1/32 finalda italiyalıya uduzdu

1/32 finalda italiyalıya uduzdu
22-01-2018 / 09:05 DİGƏR NÖVLƏR
269

Yeniyetmə şpaqaçılarımız Danimarkanın paytaxtı Kopenhagendə keçirilən beynəlxalq "Cadet Circuit" turnirində iştirak edib. Qılıncoynatma Federasiyasından apasport.az saytına verilən məlumata görə, komandamız oğlanların fərdi yarışında 4 şpaqaçı ilə təmsil olunub.

 

20 ölkədən 115 iştirakçının yarışdığı turnirdə ən yaxşı göstərici Xalid Əliyevə məxsusdu. Mübarizəyə 1-ci qrupda başlayan şpaqaçımız 6 mümkün qələbədən 5-ni qazanaraq birbaşa 1/64 finala vəsiqə əldə edib. Əliyev bu mərhələdə ingiltərəli rəqibini məğlub etsə də, 1/32 finalda italiyalı rəqibinə 12:15 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Turniri 23-cü pillədə başa vuran Xalid yeniyetmə şpaqaçıların reytinqində 50-ci sıraya yüksəlib.
 

Digər təmsilçilərimizdən Barat Quliyev və Cavid Cahangirov qrupda 2 qələbə qazansa da, 1/64 finala yüksəlmək üçün müvafiq olaraq, ingiltərəli və bolqarıstanlı rəqiblərinə məğlub olublar. 
İlk dəfə bu turnirə qatılan Fərrux Səfərov isə qrupda bir qələbə qazanaraq, mübarizəni erkən dayandırıb.


Yeniyetmə şpaqaçılarımız oğlanların komanda yarışında ilk görüşdə Qətər yığmasına qalib gəlsə də, ardınca İtaliya komandasına uduzub. Şpaqaçılarımız 5-6-cı yer uğrunda Estoniyaya, 7-8-ci yer uğrunda keçirilən görüşdə isə İngiltərəyə məğlub olublar (44:45).


Beləliklə, şpaqaçılarımız yeniyetmə oğlanların komanda yarışında 21 ölkə arasında 8-ci yeri tutub.


Qız yeniyetmə şpaqaçımız Azərin İdriszadə də qrupda 1 qələbə qazanaraq, mübarizəni erkən dayandırıb.