15 səssiz debüt

15  səssiz debüt
12-02-2018 / 00:00 FUTBOL
2240

Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start verilib. Apasport.az saytının məlumatına görə, ölkə çempionatındakı 63 günlük fasilədən sonra XV turun oyunları baş tutub.

 

4 oyundan sadəcə birində bərabərliyin qeydə alınmadığı matçlarda bir sıra yeni oyunçular Premyer Liqamızda ilk dəfə meydana çıxıblar.

 

Lider “Qarabağ” və izləyicisi “Qəbələ” bu baxımdan fərqlənmyib. Belə ki, ötən mövsümün çempionu ağdamlılar qış fasiləsində heyətinə heç kimi cəlb etməyiblərsə, “Qəbələ”nin yeganə transferi Təmkin Xəlilzadə üçün Azərbaycan çempionatı yad məkan deyil.

 

“Zirə”nin heyətində iki oyunçu debüt həyəcanı yaşayıb. Yeni transferlər Yani Urdinov və Evans Uilyams ilk dəfə Azərbaycan çempionatı çərçivəsində forma geyiniblər. Hər iki oyunçu 90 dəqiqə meydanda olub.

 

“Sumqayıt”da Ülvi İsgəndərov ilk dəfə Premyer Liqa həyəcanı yaşayıb. “Qəbələ”nin əvəzedici komandasından icarəyə götürülən oyunçuya yüksək liqada oynamaq nəsib olub. O, görüşün 57-ci dəqiqəsində komanda yoldaşı Amil Yunanovu əvəzləyərək meydana girib.

 

“Neftçi” də ikinci dövrənin ilk oyununda debütantların xidmətindən istifadə edib. Yarımmüdafiəçi Fransisko Qarsiya və hücumçu Lukas Qomes yeni komandasının heyətində ilk rəsmi matçlarına çıxıblar. Hər iki oyunçu “Kəpəz”lə görüşü əvəzolunmadan başa vurublar.

 

“Səbail” də bu baxımdan fərqlənən klublardandı. Premyer Liqanın debütantı 3 yeni oyunçun bu  yarışda ilk dəfə meydana çıxmasına şərait yaradıb. Yevgeni Koçukla Nikoloz Apakidze start heyətində başlayıb 90 dəqiqə meydanda olublarsa, türkmənistanlı Vaxıt Orazsaxedov 59-cu dəqiqədə oyuna girib.

 

“Keşlə”də də 3 oyunçu debüt həyəcanı yaşayıb. Andre Klennon ilk oyununda 45, Herve Tçami isə 58 dəqiqə meydanda olub. Ebrima Sohna isə matçı əvəzolunmadan keçirib.

 

Turnir cədvəlinin sonuncusu “Kəpəz”də ilk rəsmi matçına çıxan oyunçuların sayı 4-ə bərabərdi. Sergey Litovçenko, İqor Korotetski və Quli Manqaladze 90 dəqiqə oynayıblarsa, Şadon Vinçester cəmi 55 dəqiqə meydanda qalmağa macal tapıb.

 

Beləliklə, qış fasiləsindən sonra ilk turda baş tutan 4 oyunda 15 oyunçu Azərbaycan Premyer Liqasında debüt edib. Onlarda heç biri qol, məhsuldar ötürmə və vərəqə ilə fərqlənməyiblər.

 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında “transfer pəncərəsi” bağlanmadığı üçün debütantlarının sayının növbəti turlarda artacağı istisna olunmur.