Yığmamız xal itirdi, “qonşu”su irəlilədi

Yığmamız xal itirdi, “qonşu”su irəlilədi
12-02-2018 / 10:14 FUTBOL
1420

Avropa çempionatının final mərhələsi başa çatdıqdan sonra futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Sloveniyada keçirilən yarış cədvəldə bəzi dəyişikliklərə səbəb olub.

 

Lakin bunlar Azərbaycan yığmasından yan keçib. AVRO-2018-in qrup mərhələsində Fransa (5:3) və İspaniya (0:1), 1/4 finalda Portuqaliya (1:8) ilə qarşılaşan millimiz dünyanın 10-cu komandasıdı. Düzdü, Sloveniyadakı 3 görüş əmsalımıza təsir edib.

 

Lyublyanada 1 qələbə qazanıb, 2 məğlubiyyət alan Joze Alesionun yetirmələri aktivindən 14 xal itirib. Artıq yığmamızın 1454 deyil, 1440 xalı var. Avropa çempionatının 8 ən yaxşı komandasından biri olan millimiz reytinq cədvəlində “Kohnə qitə”nin 7-cisidi.

 

Yığmamızın da yer aldığı ilk “onluq”da 2 komanda irəliləyişə nail olub. Keçirdiyi bütün oyunlarda qələbə qazanan və tarixində ilk dəfə Avropa çempionu olan Portuqaliya 3 pillə irəliləyib. Pireneylilər Argentina, İran və İtaliyanı geridə qoymaqla 4-cü sıraya qalxıb.

 

Sloveniyada 4-cü olan Qazaxıstan isə 8-ci pilləni Ukraynadan qoparıb. Əksər komandaların xal itirdiyi AVRO-2018-də 1/4 finalda dayanan Ukrayna millimizin yeni “qonşu”su olub. Komandamız 9-cu pillədən 42 xal geridədi.

 

Qeyd edək ki, siyahıda dünyanın 162 yığması yer alıb.

  

İlk “onluq”

1. Braziliya - 1935

2. İspaniya – 1807

3. Rusiya - 1700

4. Portuqaliya - 1692

5. Argentina - 1691

6. İran - 1654

7. İtaliya - 1552

8. Qazaxıstan - 1532

9. Ukrayna - 1482

10. Azərbaycan – 1440