“Qəbələ”yə qayıdan futbolçu problemlə üzləşdi

“Qəbələ”yə qayıdan futbolçu problemlə üzləşdi
12-02-2018 / 10:37 FUTBOL
451

Çempionatın ilk yarısını icarə əsasında “Zirə”də keçirmiş Yusif Nəbiyev qış fasiləsində müqavilə ilə məxsus olduğu “Qəbələ”yə qaytarılsa da, adı klubun iştirak ərizəsinə salınmayıb. Apasport.az saytının məlumatına görə, bu, gənc müdafiəçinin karyerasını hansı komandada davam etdirəcəyi ilə bağlı sual yaradıb.

 

Məsələ ilə bağlı əməkdaşımızla danışan “Qəbələ”nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bildirib ki, Nəbiyev “qırmızı-qaralar”ın formasını geyinəcək. O, “Zirə”dən qaytarılan futbolçunun sənəd məsələsində müəyyən problemlərin yarandığını və bu səbəbdən adının PFL-ə təqdim olunan iştirak ərizəsinə daxil edilmədiyini deyib: “Yusif komandamızdan ayrılmayıb, bizdə olacaq. Sadəcə, sənədlərində gecikmə oldu. Buna görə də, hələ adını PFL-ə sifariş etməmişik. Amma məsələ bu həftə ərzində həll olunacaq. Yusifin adını iştirak ərizəmizə əlavə edəcəyik”.

 

Qeyd edək ki, Yusif Nəbiyev çempionatın ilk yarısında “Zirə”nin heyətində 7 oyun keçirib.