Ruslan Qurbanov: Çörəyimizi əlimizdən aldılar – MÜSAHİBƏ

Ruslan Qurbanov: Çörəyimizi əlimizdən aldılar – MÜSAHİBƏ
13-03-2018 / 20:34 FUTBOL
3525

“Qəbələ”nin hücumçusu Ruslan Qurbanov “Keşlə” ilə 1:1 başa çatan oyundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Niyə qələbə qazana bilmədiniz?

- Oyun yaxşı və maraqlı alındı. Süni örtüklü meydançada oynasaq da, deyə bilərəm ki, qələbə qazanmağa layiq idik. Amma qol vurduq, hakim oyundankənar vəziyyət iddiası ilə qeydə almadı. 100% deyə bilərəm ki, orada ofsayd yox idi, təmiz qol vurmuşdum. Hamının səhvi olur. Penalti vəziyyəti ilə bağlı dəqiq nəsə deyə bilmərəm. Oyun vaxtı görməmişdim, amma paltardəyişmə otağında təkrara baxdım. Deyə bilərəm ki, orda da hakim yanlış qərar verdi. Əgər penalti yox idisə, onda Ozobiçə də simulyasiyaya görə sarı vərəqə göstərməliydi. Hakim isə nə onu etdi, nə də bunu. Belə şey heç yerdə olmur. 1:1 hesabına görə əhvalımız korlandı, çünki yenə xal itirdik. Qarşıda fasilə var, aprelə qədər oyun olmayacaq. O vaxta kimi səhvlərimizi analiz edib, psixoloji vəziyyəti düzəltməliyik.

 

- Son 4 matçın 3-də xal itirmisiz. Nə baş verir?

- Bu, bizi də narahat edir. Məsuliyyəti anlayıram, təbii ki, hər oyunda qələbə qazanmaq istəyirik. Amma həmişə alınmır. Artıq bütün komandalar yaxşı oynamağı bacarırlar.


- Ruslan, bu gün biz də gördük, sizin bir penalti, bir də qolunuz hesaba alınmadı. Demək olarmı ki, hakim sizə qarşı qərəzli idi?

- Deyə bilmərəm ki, hakim bizə qarşı qərəzli idi. Yenə deyirəm, hər insan səhv edə bilər. Amma belə açıq-aşkar səhvlər yolverilməzdir. Hakimləri ittiham etmək istəmirəm. Onların sədri var, qoy, o özü qərar versin. Sadəcə olaraq, onların bizim qələbəmizi, 3 xalımızı, hətta çörəyimizi əlimizdən aldılar. Buna görə pis oluram. Çoxdandır ki, qol vura bilmirdim. Bu gün fərqləndim və çox sevindim. Yan xətt hakimi bayrağı qaldıranda ona tərəf qaçmaq istədim. Üç sarı vərəqəm var idi, dördüncünü almamaq üçün ayaq saxladım və bunu sakit qarşıladım. İstərdim ki, növbəti dəfə daha diqqətli olsunlar. 

 

- Əvvəl bu fikirlə barışmırdınız, amma indi qəbul edirsiniz ki, çempionluq əldən gedib?

- Çempionluq barədə hətta danışmaq da istəmirəm. Həm siz, həm də biz bilirik ki, “Qarabağ” hazırda Azərbaycanın ən güclü komandasıdı. Xal itirməkdə bəlkə də özümüz günahkarıq. İnanmıram ki, “Qarabağ” bu qədər xal itirə. Bizim əsas hədəfimiz hər oyuna qələbə üçün çıxmaqdı. Hər şey isə sonda bilinəcək.