Yığmamızın oyununda tanış sima

Yığmamızın oyununda tanış sima
19-03-2018 / 15:32 FUTBOL
276

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Kosovo – Azərbaycan matçının baş hakimi Dan Robertsonun kimliyi bəlli olub. Apasport.az saytının məlumatına görə, 31 yaşlı şotlandiyalı referi yığmamızın gənc çalışdırıcısı Rəşad Sadıqov üçün tanış simadı.

 

Belə ki, böyük britaniyalının yolları ötən mövsümdə iki dəfə müdafiəçinin şərəfini qoruduğu “Qarabağ”la kəsişib. Düzdü, Robertson həmin qarşılaşmalarda baş hakim olmayıb, amma briqadada yer alıb.

 

2016-cı il iyulun 20-də Lüksemburqda “Düdelanj”la “Qarabağ” arasında II təsnifat mərhələsinin cavab oyununda Kevin Klansi baş hakim, Donald isə dördüncü hakim olub. Reynaldonun qol vurduğu matç 1:1 hesabı ilə nəticələnib və Ağdam klubu mərhələni keçib.

 

Elə həmin il noyabrın 3-də “Qarabağ”ın PAOK-la Yunanıstandakı görüşündə də ədaləti şotlandiyalılar qoruyub. Con Bitonun baş hakimi olduğu qarşılaşma Avropa Liqasının qrup mərhələsinin IV turuna təsadüf edib. Miçelin qolu ilə 1:0 hesablı qələbə qazanan “Qarabağ”ın həmin uğurunu əlavə köməkçi hakim olan Robertson da izləyib.

 

2017-ci ildən FİFA dərəcəsi olan britaniyalı baş hakim kimi Azərbaycan komandaları ilə görüşməyib. O, əsasən U-17 və U-19-ların oyunlarına təyinat alıb. Avropa Liqasında cəmi 1 oyun idarə edən referinin U-21 səviyyəsində debütü cari tsiklə təsadüf edib. Robertson Fransanın Qazaxıstanı 4:1 hesabı ilə yendiyi oyunda fit çalıb.

 

Qeyd edək ki, Kosovo – Azərbaycan oyunu martın 22-də Mitrovitsada keçiriləcək.