“Azərbaycandan təklif gəlsə, fikirləşərəm” – Dmitri Nazarov

“Azərbaycandan təklif gəlsə, fikirləşərəm” – Dmitri Nazarov
22-03-2018 / 17:35 FUTBOL
2528

Azərbaycan yığmasının futbolçusu Dmitri Nazarov millinin bugünkü məşqindən öncə brifinq keçirib. Apasport.az saytının əməkdaşının da iştirak etdiyi müsahibədə təcrübəli yarımmüdafiəçi maraqlı məqamlara toxunub.

 

- Millinin baş məşqçisi Qurban Qurbanovla tanışlığınız necə keçdi? Onun təyinatını eşidəndə nə fikirləşdiz?

- Yığmanın düşərgəsinə dünən qoşulmuşam, axşam gəldim və yüngül məşq etdim. Baş məşqçi ilə bu gün səhər fərdi söhbətim oldu. Söhbətdən çox xoş hisslərlə ayrıldım. İlk gördüklərimə əsasən deyə bilərəm ki, Qurban Qurbanov çox gözəl insandı, futbolçuları yaxşı başa düşür. Məşq prosesləri haqda hələ bir söz deyə bilmərəm, çünki cəmi 1 məşqdə iştirak etmişəm. Ümumilikdə razıyam.

 

- Qurban Qurbanovu yığmamızda çalışmış əvvəlki mütəxəssislərdən nə fərqləndirir?

- Bu suala cavab verə bilmərəm. Dediyim kimi, komandaya dünən qoşulmuşam. Yığmada ab-hava yaxşıdı, nizam-intizam çox yüksək səviyyədədi. Komandanın məşq prosesini də izlədim. Fərqlə bağlı daha dəqiq cavabı gələn aylarda deyə bilərəm.

 

- İllərdi II Bundesliqada çıxış edirsiz. Əsas Bundesliqaya yüksəlməyinizə nə mane olur?

- Bu suala çox cavab vermək olar. Siz də bilirsiz ki, Bundesliqa Avropanın güclü çempionatlarından biridi, ora düşmək olduqca çətindi. Mən oynadığım II Bundesliqaya düşmək də asan deyil. Sözsüz ki, əsas Bundesliqa komandalarından birinə dəvət almaq üçün üzərimdə çalışıram. Bəlkə də, bəxtim yoxdu. Gərək doğru anda düzgün insanlar məni görsünlər ki, Bundesliqaya gedim. Çətin olsa da, vaxtım var. Ümid edirəm ki, nə vaxtsa əsas Bundesliqa klubundan təklif alacam.

 

- Millətlər Liqasındakı rəqiblərimiz haqda hansı fikirdəsiz? Qrup birincisi olmaq üçün nə lazımdı?

- Rəqibləri təhlil etmişəm. Biz həmişə hazırlaşanda məqsədimiz meydana çıxıb, qələbə qazanmaq, ən azı yaxşı oyun göstərmək olur. Bu qrupda maksimum xal toplamalıyıq. Hər oyunda 100 yox, 200 faiz bacarığımızı nümayiş etdirməliyik. Çünki əlimizə şans düşüb və bundan istifadə etmək lazımdı. 

 

- Bu günə qədər Azərbaycan klublarından dəvət almısız? Almamısızsa, təklif gəlsə, necə davranarsız?

- “Aue” klubu ilə müqaviləm var. Mən hər təklifə açığam. İndiyə qədər söhbətlər olub, amma konkret təklif gəlməyib. Belə bir təklif gəlsə, oturub, fikirləşərəm. Bu haqda ailəmlə danışaram.