"Tour d'Azerbaidjan-2018" ləğv olundu!

31-03-2018 / 18:00 DİGƏR NÖVLƏR
3027

"Tour d'Azerbaidjan-2018" veloturu keçirilməyəcək. Apasport.az saytının məlumatına görə, mayın 9-13-də planetin ən güclü şosse velosiped komandalarının yenidən Azərbaycanda mübarizə aparacağı gözlənilsə də, bu, baş tutmayacaq.

 

Sözügedən veloturda iştirak etmək üçün Azərbaycana gələcək komandaların mayın 8-də bir günlük "Bakı-Xızı Eko" turunda da yarışacağı bildirilirdi. Lakin bu da təxirə salınıb.

 

Məlumatı əməkdaşımızla söhbətində Azərbaycan Velosiped Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev də təsdiqləyib. O bildirib ki, "Tour d'Azerbaidjan-2018"in ləğv edilməsinə səbəb dünya çempionatına hazırlıqdı: “Dünya çempionatı daha səviyyəli, nüfuzlu yarışdı. Hazırlıq işləri xeyli vaxt aparır. Buna görə də, "Tour d'Azerbaidjan-2018" keçirilməyəcək. Qərar yalnız bu il üçün qəbul olunub. Gələn il isə həmin velotur təşkil olunacaq”.

 

Lakin etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, "Tour d'Azerbaidjan-2018" veloturunun ləğv edilməsinin əsl səbəbi başqadı. Belə ki, veloturun bu il keçirilməməsi maliyyə çatışmazlığı ilə bağlıdı.

 

Qeyd edək ki, "Tour d'Azerbaidjan” veloturu hər il “Synergy Group” ASC-nin sponsorluğu ilə keçirilirdi.