“Onlar son anda lisenziyanı əldən verdi” – yığmamızın baş məşqçisi

“Onlar son anda lisenziyanı əldən verdi” – yığmamızın baş məşqçisi
09-04-2018 / 09:34 DÖYÜŞ NÖVLƏRİ
314

“Minayə Əkbərova lisenziya əldə etməklə bizləri sevindirdi”. Apasport.az saytının məlumatına görə, bunu gənc taekvondoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Məmməd Abdullayev deyib.

 

O, Tunisdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turniri şərh edib. Abdullayev bildirib ki, Minayə Əkbərova (44 kq) ilə yanaşı, bir neçə idmançımızın Argentinanın paytaxtı Buenos Ayresdə keçiriləcək Olimpiadaya vəsiqə şansı olsa da, bəxtsizlik üzləşiblər: “Əslində digər idmançımız Cavad Ağayev də “səkkizlik”də yer aldı. İtaliyalı rəqibi ilə döyüşdə əlindən ağır zədə alması Cavadın məğlub olmasına səbəb oldu. Əgər onun rəqibi finala vəsiqə qazana bilsəydi, Cavadın şansı daha çox olacaqdı. Amma təəssüf olsun ki, bunu bacarmadı. Hər çəkidə sona qalan səkkiz idmançı birbaşa Olimpiadaya lisenziya əldə edir. Amma ev sahibi Argentina Cavadın çəkisində, yəni 63 kq çəki dərəcəsinə bir idmançı əlavə sifariş etdiyi üçün lisenziya məhz onlara verildi”.

 

Abdullayev Xanoğlan Kərimovun (55 kq) da lisenziyanın bir addımlığında dayandığını deyib: “O, koreyalı rəqibindən üstün döyüşdü və hesabda da irəlidə idi. Lakin sona 10 saniyə qalmış başa zərbə buraxmaqla şansını əldən verdi. Sahar Karqhara da döyüşün sonunda başa zərbə buraxaraq şansını qaçırtdı. Ümumiyyətlə idmançılarımız yaxşı çıxış etdilər”.