Azərbaycanlı taekvondoçu dünya çempionu oldu

Azərbaycanlı taekvondoçu dünya çempionu oldu
11-04-2018 / 23:32 DÖYÜŞ NÖVLƏRİ
1768

Tunisin Hammamet şəhərində keçirilən gənc taekvondoçular arasında dünya birinciliyi davam edir. Apasport.az saytının məlumatına görə, mundialın üçüncü günündə Azərbaycan yığması daha bir medal qazanıb.

 

Həmyerlimiz Cavad Ağayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Belə ki, 63 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz ilk döyüşündə pakistanlı Əşrəf Əhmədə heç bir şans verməyib. O, rəqibini 29:6 hesabı ilə məğlub edib. Təmsilçimiz ikinci görüşündə amerikalı Xalfani Harris üzərində əzmkar qələbə qazanıb - 7:6. Ağayev ardınca koreyalı Ho-Jun Jini (17:11) və efiopiyalı Tariku Qirmanı (20:3) mübarizədən kənarlaşdırıb. Nəticədə yarımfinala vəsiqə qazanan Ağayev Erfan Muradi (İran) ilə üz-üzə gəlib. Bu görüş də idmançımız üçün uğurlu alınıb (17:12) və o mərhələ adlayıb.

 

Final döyüşü isə daha çətin keçib. İtaliyalı Qabriel Kaulo ilə qarşılaşan Cavad bu dəfə də qələbə seriyasını davam etdirib. Rəqibini 14:13 hesabı ilə məğlub edən həmyerlimiz dünya çempionu tituluna yiyələnib. O, bununla Kaulodan lisenziya yarışındakı məğlubiyyətin revanşını da alıb.

 

Ağayevədək isə Xanoğlan Kərimov (51 kq) millimizə ilk medalı qazandırıb. O, mundalda ikinci yeri tutub.

 

Qeyd edək ki, dünya birinciliyi aprelin 13-də yekunlaşacaq.