“Hamı elə bilir ki, Ayxan qorxur”

“Hamı elə bilir ki, Ayxan qorxur”
15-04-2018 / 21:42 FUTBOL
509

“Məğlub olmaq istəməzdik. Oyuna yaxşı başlamışdıq. Qol imkanlarımız oldu. Penalti və qırmızı vərəqə planlarımızı pozdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov deyib.

 

Topaz Premyer Liqasının XXIII turunda “Neftçi” ilə qarşılaşan və 0:3 hesabı ilə uduzan qəsəbə təmsilçisinin çalışdırıcısı oyundan sonra jurnalistlərin suallarını cavablandırıb: “10 nəfərlə oynamağımıza baxmayaraq, irəli atıldıq. Klub mənim üçün doğmadı. Birinci dəstədən bəri burdayıq. Komandanın gələcəyi mənim üçün önəmlidi. Rəhbərliklə görüşüb, danışıb, qərarlar qəbul edəcəyik”.

 

- Azarkeşlərlə aranızda nə baş verdi?

- Azarkeşləri başa düşürəm, ancaq onlar da bizi başa düşməlidilər. Matçın böyük hissəsində 10 nəfərlə oynadıq. Qol epizodlarımız oldu. Sona 5 dəqiqə qalmış təhqiredici ifadələr səsləndirmək əvəzinə, dəstəyə ehtiyacımız var idi. Futbolçular da o sözlərdən sonra psixoloji gərginlik keçirdilər. Hamı elə bilir ki, Ayxan qorxur. Ancaq elə deyil. Hər məşqçi buna hazır olmalıdı. Klub mənim üçün doğmadı. “Zirə”nin gələcəyi mənim üçün daha maraqlıdı. Əgər getmək, klubu çətin vəziyyətdən çıxaracaqsa, çoxdan gedərdim. Azarkeşlərə bizi dəstəkləməri üçün etiraz etdim.

 

- Komandada 7 zədəli var idi. Əksəriyyəti də məşqdə zədələnir. Bunu sırf ot örtüyü ilə əlaqələndirirsiz?

- Desəm ki, 7 nəfər yox idi, hamı deyəcək ki, səbəb axtarır, ancaq məqsədim bu deyil. 7 nəfərin olmaması böyük itkidi. Bu gün 2 stoperimiz yoxdu. Tellur, Vüsal, Dedov, Saşanın xidmətindən istifadə edə bilmirdik. Bunu deməklə özümə bəraət qazandırmıram. Sual verdiniz deyə cavablandırıram. Jozefin qabırğası çatlayıb. Saşanın ayağında çat var. Vüsalın bel ağrıları, Tellurla Dedovda əzələ ağrıları var. Gözləmirdim belə situasiyanı. Ancaq eyni zamanda, digər oyunçularıma inanırdım. Meydança amili də var bunda, amma səbəb göstərmirəm.