“Qarabağ” rekordunun astanasında

“Qarabağ” rekordunun astanasında
16-04-2018 / 13:18 FUTBOL
370

Topaz Premyer Liqasının XXIV turunda çempionluğu təmin etmək şansı qazanan “Qarabağ” klub tarixinin rekordunu təkrarlaya bilər. Apasport.az saytının məlumatına görə, ağdamlılar özünün ən erkən zəfərini rəsmiləşdirməyə yaxındı.

 

Çempionatın lideri həftəsonu səfərdə “Sumqayıt”ı məğlub etsə və ya “Qəbələ” “Neftçi” ilə görüşdə xal itirsə, Qurban Qurbanovun yetirmələri finişə 4 tur qalmış qızıl medallara sahib çıxacaq. 6-cı titulun astanasında olan “Qarabağ”ın əvvəlki 5 çempionluqları arasında ən erkən əldə ediləni 2015/16 mövsümündə yaşanıb. 2 il öncə ağdamlılar sona 4 tur qalmış 1-ci yeri “özəlləşdirib”.

 

“Qarabağ”ın son 4 mövsümdəki uğurlarından digər üçü isə nisbətən gec – finişə 2 tur qalmış əldə edilib. 2013/14, 2014/15 və 2016/17 mövsümlərində Qurbanovun komandası son iki qarşılaşmasını formallığa çevirib.

 

Klub tarixinin ilk zəfərinin qeydə alındığı 1993-cü il mövsümü fərqli formatda keçirilib. Həmin vaxt yarımfinalda “Turan”, finalda Sumqayıt “Xəzər”inə qalib gələn “Qarabağ” çempionatlardakı ilk titulunu mövsümün son matçında əldə edib.