Azarkeş önünə atılan Ayxan: Şayiələr artır, rəhbərlik susur

Azarkeş önünə atılan Ayxan: Şayiələr artır, rəhbərlik susur
17-04-2018 / 10:31 FUTBOL
3072

Topaz Premyer Liqasının hesabat turunda baş tutan “Zirə” – “Neftçi” matçını 850 azarkeş izlədi. Bu, oyunun AFFA nümayəndəsinin gözəyarı yazdığı rəqəm idi. Əslində, tribunadakıların sayı daha az görünürdü.

 

Bu azarkeşlərin yarıdan çoxu “Neftçi”nin tərəfdarıydı, qalanlarının da əksəriyyəti oyuna baxmağa gələn neytral şəxslər, jurnalistlər, futbol adamları idi. Meydan sahiblərinə dəstək verənlərin sayı 100 nəfəri keçməzdi. Və bu insanların da yalnız 15-20 nəfəri “Zirə”nin əsl fanatları olardı. “Zirə”nin baş məşqçisi Ayxan Abbasovu da məhz bu kiçik qrup istefaya səslədi, çalışdırıcıdan sərt sözlər eşitdi, sonra da klub rəhbərliyinin tapşırığı, polislərin tələbi ilə tribunadan qovuldular.

 

Bir az maraqlı mənzərə idi. Klubun öz fan-klubu bu addımı atırsa, deməli, ortada nəsə var. Klub rəhbərliyi neçə turdu eyni addımı atan azarkeş qrupuna nəzarət edə, onlarla anlaşa, özlərinin dəstək verdiyi məşqçini oyun zamanı müdafiə edə bilmirlərsə, deməli, ya idarəçiliyi bacarmırlar, ya da istefa şüarlarında özlərinin də marağı, kiminsə barmağı var. 10 milyon insanın idarə edildiyi ölkədə, sayı stadiondakı polislərdən az olan azarkeş qrupunun belə aksiyaya hər oyunda əl atması təsadüf ola bilməz.

 

Azarkeşlər haqsız sayılmamalıdı. Fanatlarla münaqişəyə girən çox məşqçi görmüşük və hamısının aqibəti bəllidi. Bu baxımdan əsəblərinə hakim ola bilməyən Abbasova haqq qazandırmaq olmur. Komanda uğursuz oyunları sıralayır, 2018-də qələbə üzü görməyib, 5-ci pilləyə düşmək ərəfəsindədi. Bu oyunlar ərzində rəhbərlik heç bir dəyişiklik edə bilməyib, məşqçilər, futbolçular da böhrandan çıxış yolu tapmır. Kimlərinsə ayılması üçün bəlkə də bu aksiya lazım idi.

 

Maraqlıdı ki, Ayxan bəy çılğınlığına görə hakim tərəfindən tribunaya göndərildi. Hamı onun istefa verəcəyini düşündüyü bir vaxtda bu da olmadı. Rəhbərliyin onun arxasında olduğu deyilir, lakin hər hansı rəsmi açıqlama görmürük. Halbuki, klub rəsmi bəyanat yaymalı, ya məşqçinin hərəkətini pisləməli, ya da ona sonadək güvəndiyini bildirməliydi. Heç birini görmürük və qəribə boşluq var, şaiyələr çoxalır, rəsmi münasibət yoxdu.

 

Abbasov həqiqətən perspektivli, üzərində çalışan bir məşqçidi. Hə, onda Qurban Qurbanovun təmkini, Roman Qriqorçukun siyasəti, Samir Abasovun qeyri-adiliyi, Tərlan Əhmədovun külək kimi səmt dəyişməsi yoxdu. Peşəsinə bağlıdı, daim üzərində çalışır, “Zirə”nin indiyəqədərki uğurlarında müstəsna rolu var. Lakin onun aşırı çılğınlığı, bəzən yersiz təkəbbürü, tez-tez futbolçularla münaqişə yaşaması yaxşı sonluq vəd etmir. Özünü cilovlaya bilməyən biri komandanı böhrandan çıxara bilməz. Ayxan bəy “Zirə”ni əvvəlki vəziyyətinə qaytarmaq üçün ilk öncə öz hərəkətlərinə ütü çəkməlidi.

 

Abbasov azarkeşlərlə polemikaya girdi, su qablarını təpiklədi. Və bunu cəmi 15-20 azarkeşin istefa tələbindən sonra etdi. Bir neçə il öncəni düşünün. 20 min azarkeş önündə “Xəzər Lənkəran”, “Kəpəz”, “Neftçi” qarşısında oyuna çıxsaydı, nə olardı? Və ya Olimpiya stadionunda oyuna çıxan millinin məşqçisi olsaydı və 40-50 min adam onun istefasını tələb etsəydi, o zaman Abbasov nə edərdi? Böyük məşqçi olmaq üçün özün də böyüməlisən (futbolinfo.az).

 

Ayxan bəyə çalışqan, perspektivli, iddialı məşqçi kimi inamımız tamdı. Lakin o həm də öz xarakterini rəndələməlidi. Uğursuzluq fonunda rəhbərliyin də yalnız qoyduğu məşqçinin əsəbləşməsi anlaşılandı. Amma futbol acımasızdı – bu gün səni göylərə qaldıran azarkeş, sabah səni yerə də vura bilər. Buna hazır olmaq lazımdı. Qalmaqal Abbasova heç nə vermədi, həmin azarkeşlərlə təcili barışmaq lazımdı, yoxsa Elxan Abdullayevin taleyi ilə üzləşmək qaçılmazdı...