Növbəti “stansiya” 28 may!

Növbəti “stansiya” 28 may
17-04-2018 / 10:54 FUTBOL
3220

Sabah Azərbaycan Kubokunda yarımfinal mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, cavab oyunları çərçivəsində hər iki qarşılaşma eyni gündə baş tutacaq.

 

Bu görüşlər mayın 28-də keçiriləcək final matçının iştirakçılarının adına aydınlıq gətirəcək. İlk finalçı Sumqayıtda bəlli olacaq.

 

Şəhərin eyniadlı komandası “Keşlə”ni qəbul edəcək. Səfərdə 0:1 hesabı ilə uduzan Samir Abasovun yetirmələri məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Paytaxt təmsilçisi tarixində 5-ci dəfə yüksəlməyə yaxın olduğu final şansını qaçırmamağa iddialıdı.

 

Yuri Maksimovun yetirmələri çempionatdakı iddiasızlığı kubokdakı uğurla sığortalamaq üçün mübarizə aparacaq. Yeni adla ilk dəfə finala qatılmaq imkanı olan bakılılar Avropa Liqası xəyalını bu yolla gerçəkləşdirmək üçün döyüşəcək.

 

“Sumqayıt” isə tarixi uğura imza ata bilər. Belə ki, ölkə futbolunda müxtəlif komandalarla təmsil olunan “Gənclik şəhəri” heç vaxt kubokun finalının həyəcanını yaşamayıb. Hətta ilk çempionatların mükafatçısı olan “Xəzər”in də kubokda uğuru olmayıb. Premyer Liqada da mükafat qazanmağa yaxın olan “Sumqayıt” bu ilki gerçəkləşdirməklə avrokuboklara daha da yaxınlaşacaq. Lakin sumqayıtlılar tarixi uğura cəza üzündən matçı kənardan izləyəcək Samir Abasovun yoxluğunda imza atmalıdı.

 

İkinci finalçı Bakıda bəlli olacaq. “Neftçi” və “Qəbələ” 8-ci km qəsəbə stadionunda üz-üzə gələcək. Ötən həftə səfərdə 2:1 hesabı ilə qalib gələn “ağ-qaralar” üstünlüyünü doğma divarlar arasında qorumalıdı.

 

Ardıcıl 8 oyunda uduzmayan Tərlan Əhmədovun yetirmələri klub tarixinin 11-ci finalının bir addımlığındadı. Bir illik fasilədən sonra yenidən həlledici matçda oynamaq istəyi ilə alışıb-yanan bakılılar həm Avropa Liqasına vəsiqə, həm də titul həsrətinə son qoymaq üçün bu səddi də adlamalıdı.

 

Son 5 matçda qələbə qazanmayan “Qəbələ” kifayət qədər çətin vəzifənin öhdəsindən gəlməlidi. Roman Qriqorçukun yetirmələri səfərdə qalib gəlməli və ən azı 2 qol vurmalıdı. Qış fasiləsindən sonra keçirdiyi 10 görüşdə cəmi 10 dəfə fərqlənən komandanın məhsuldarlığının aşağı düşməsi “qırmızı-qaralar”ın azarkeşlərinə nikbinliyə əsas vermir. Tarixində 3-cü dəfə finalda oynamağa iddialı olan “qırmızı-qaralar” ilk titulunu qazanmaq üçün yarımfinalı adlamağa borcludu.

 

Azərbaycan kuboku

Yarımfinal

Cavab oyunları

18 aprel

17:00. “Sumqayıt” – “Keşlə”

Sumqayıt. Şəhər stadionu

İlk oyun – 0:1

 

20:00. “Neftçi” – “Qəbələ”

Bakı. 8-ci km qəsəbə stadionu

İlk oyunu – 2:1