Enrike, Naqelsmann... - “Arsenal”ın baş məşqçi postuna namizədlər

Enrike, Naqelsmann... - “Arsenal”ın baş məşqçi postuna namizədlər
20-04-2018 / 01:41 FUTBOL
128

“Arsenal” Avropa Liqasını qazansa belə, bu mövsüm Arsen Vengerin baş məşqçi postundakı sonuncu mövsümü olacaq. Apasport.az saytının məlumatına görə, belə bir iddia ortaya atan “Telegraph” nəşri “topçular”ın məşqçi axtarışlarına dair yazıya yer ayırıb.

 

Yazıda klub rəsmiləri Raul Sanlyehi, Sven Mislintat və İvan Qazidisin axtarışlara rəhbərlik etdiyi qeyd olunub. Sanlyehinin namizədi “Barselona”nın baş məşqçisi qismində 2 La Liqa və 1 Çempionlar Liqası titulu qazanan Luis Enrikedi. İspan mütəxəssis özü də karyerasını İngiltərədə davam etdirmək istəyir. Enrikenin adı daha öncə “Çelsi” ilə hallansa da, minimum 10 milyon funt-sterlinq məvacib tələbi keçidin baş tutmasına əngəl yaratmışdı.

 

Bütün diqqətini Almaniyaya yönəldən Sven Mislintat Yulian Naqelsmann (“Hoffenhaym”) və Domeniko Tedeskonu (“Şalke”) yaxından izləyir. Son olaraq Mislintatın “Şalke” və Dortmund “Borussiya”sı arasında oynanılan matça stadiondan tamaşa etdiyini əks etdirən fotolar yayılmışdı.

 

Qazidis isə “Arsenal”ın sabiq kapitanı, hazırda “Mançester Siti”də Pep Qvardiolanın köməkçilərindən biri olan Mikel Artetanı çox bəyənir. Həmçinin İvan Leonardu Yardim (“Monako”) və Brendan Rodcersin (“Seltik”) xidmətində də maraqlıdı.

 

Sözügedən üç rəsminin müxtəlif namizədlərə üstünlük verməsi təyinat məsələsini çətinləşdirir. Eyni zamanda, “Arsenal” rəhbərliyi Arsen Vengerə hörmətsizlik etməmək üçün fransız məşqçi postundan ayrılmamış heç bir məşqçiylə rəsmi olaraq anlaşmaq niyyətində deyil.

 

Yekun qərarı klubun səhmlərinin böyük hissəsinin sahibi Sten Kronke verəcək. Amerikalı biznesmen Raul Sanlyehi, Sven Mislintat və İvan Qazidisin məsləhətlərinə böyük önəm verir.