Arsen Vengerdən vida mətni: Deyəcəklər, vecinə deyil

Arsen Vengerdən vida mətni: Deyəcəklər, vecinə deyil
20-04-2018 / 22:41 FUTBOL
3316

Arsen Vengerin 22 illik “Arsenal” karyerası bu yay başa çatacaq. Apasport.az saytı təcrübəli fransız mütəxəssisin 2006-cı ildə klub “Hayböri” stadionundan yeni arenaya köçərkən yayımladığı vida mətnini təqdim edir.

 

“Arsenal”ın baş məşqçisi olmaq evliliyə bənzəyir; həyatının bir hissəsinə çevrilir, özünü başqa yerdə təsəvvür edə bilmirsən. Görəsən, alınar? – ilk günlərdə belə düşünürsən. Ancaq bir müddət sonra ailən kimi olur. “Arsenal” mənim üçün budu.

 

İnsanlar “Arsenal”ı dəyişdirdiyimi deyirlər. Ancaq klub da eyni ölçüdə məni dəyişdirib. Artıq daha çox uğur qazanan biri olmağa çalışıram – özüm üçün yox, klub üçün. Daha az eqoistəm. Özümü burda ailə başçısı kimi hiss edirəm, amma hələlik daha az çoşqulu biri ola bilməmişəm. İndi məsuliyyətim daha çoxdu, çünki gözləntilər yüksəkdi. İlk dəfə bura gələndə “Arsenal”ın nəyi təmsil etdiyinin fərqinə varmamışdım. Klubun daha yaxşı olmasını istəyən insanları görəndə, nəticələrimiz pis olanda üzülən azarkeşlərimiz olduğunu biləndə başa düşdüm.

 

Yeni qurduğum komanda ilə uğur qazanmaq üçün həmişə alışıb-yanmışam. Enerjim tükənmir. Bir gün bu baş verə bilər, amma o gün bu gün deyil. Formada qalmaq üçün çox çalışıram. Futbolçu kimi yaşayıram, bəlkə də, daha yaxşı... Gecə klublarına getmirəm. Motivasiya və performansın daimi olmasını istəyirsizsə, belə yaşamağa məcbursuz. Gün ərzində rastlaşdığız bütün problemlərin öhdəsindən gələ bilmək üçün enerjili olmalısız. Marafona hazırlaşan idmançı kimi yaşamalısız.

 

Bu iş fiziki və mental güc tələb edən marafona bənzəyir. Özünü işinə həsr etməklə, ciddi həyat tərzi sürməklə ancaq nəyəsə nail olmaq mümkündü. Oyuna olan sevgim məni mental olaraq təzələyir. Gözəl meydançada oyunçuları izləməyi sevirəm. Bundan daha gözəl stress müalicəsi ola bilməz. Kitab oxumağı az da olsa, xoşlayıram. Futbol izləmək isə daha çox zövq verir.

 

Həyat gözəldi, çünki gedişatı təxmin etmək olmur. Təxmini mümkün olan tək bir şey var: futbola olan sevgim məni dünyanın istənilən yerinə apara bilər. Dünyanın harası olursa-olsun, buna hazıram. Bəzən keçmişi xatırlayanda heyrətlənirəm. Hələ 7-8 yaşımda, kənddə yaşamayacağımı bilirdim. Ölkədən kənara çıxacağımın fərqində idim. Dünyanı gəzmək üçün istənilən yerə gedə bilərəm. Bu, mənim xarakterimdi. Gəzmək, yeni dillər öyrənmək, başqa insanlarla tanış olmaq istəyirəm.

 

Fanatlarla aramda bir bağ var. Həmişə arxamda olublar. Xüsusi münasibətlərimiz var. Fransızam, daha öncə mənim haqqımda heç nə eşitməmişdilər. Buna rəğmən, ilk gündən etibarən məni dəstəkləməklə nə qədər cəsarətli olduqlarını nümayiş etdirmişdilər.

 

Meydanda etdiklərimi, hisslərimi başa düşürlər. Emosiyalarımı nəzarətim altında tutmaqda qərarlıyam, amma buna zəmanət verə bilmərəm. Komanda hesabda geri düşəndə əsəblərini cilovlaya bilmirsən. Bu, çətindi. Ehtiras oyunun bir hissəsi olmalıdı. Sakitcə otursan, deyəcəklər ki, heç nə vecinə deyil, ortaya çıxsan – “Çox əsəbidi, ağzından çıxanlara fikir verməlidi”.

 

Bu, millətin xarakteridi. İngiltərə ehtirasdı, Almaniya qətiyyət, Fransa incəlik, İspaniya iftixar. İngiltərə mənim üçün ehtirasdı. Azarkeşlərlə aramızdakı müştərək şey də budu. Bura musiqi və futbolun ölkəsidi.

 

Futbol indiki zamanla yaşadığın bir idman növüdü. Amma "Hayböri"ni unuda biləcəyimi deyə bilmərəm: həmişə ürəyimdə yeri olacaq. Evim kimi idi. Həyatımın 10 ili, fövqəladə illər... Bu stadionun ruhu məni heç vaxt tərk etməyəcək”.

 

Tərcümə: Rüfət MƏCİD (apasport.az)