Yüksək Liqanın qalibləri mükafatlandırıldı

Yüksək Liqanın qalibləri mükafatlandırıldı
21-04-2018 / 19:40 TOP OYUNLARI
2282

Kişi voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, tədbir final mərhələsinin 2-ci oyunlarından sonra baş tutub.

 

“Lokomotiv” 1-ci, “Neftçi” 3-cü yer uğrunda dueli ikinci qələbə ilə başa çatdırdığından üçüncü qarşılaşmalara ehtiyac olmayıb.

 

Mükafatlandırma mərasimi Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Vaqif Əliyevin çıxışı ilə başlayıb. Mükafatçı komandaları təbrik edən qurum rəsmisi “Lokomotiv”, “Sərhədçi” və “Neftçi”yə daha böyük uğurlar arzulayıb.

 

Əliyev bir neçə gün öncə yekunlaşan qadınların Super Liqası kimi Yüksək Liqanın da yüksək səviyyədə başa çatdığını vurğulayıb. O, vitse-prezidenti olduğu qurumun adından final oyunlarını yüksək səviyyədə təşkil edən “Sərhədçi” İdman Klubuna təşəkkürünü də çatdırıb.

 

Ardınca Əliyev və federasiyanın prezident müşaviri Əbülfəz Hüseynov “Neftçi”yə bürünc medalları təqdim ediblər. “Sərhədçi”nin gümüş medallarını isə voleybol klubunun prezidenti Vidadi Rzaquliyev və Sərhəd Xidməti Baş İdarəsinin rəisi Cavid Abdullayev veriblər.

 

Sonda fəxri kürsüyə ardıcıl 2-ci çempionluğu qazanan “Lokomotiv” voleybolçuları çıxıb. Qalib klubun prezidenti Rəşad Abbasov və federasiyanın vitse-prezidenti Vəsilə Abulova çempionların qızıl medallarını təqdim ediblər. “Dəmiryolçular”a çempionluq kubokunu isə Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev verib. Tədbir Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başa çatıb.