Qara Qarayev: “İnkişaf var” desək, bir-birimizi aldadarıq

Qara Qarayev: “İnkişaf var” desək, bir-birimizi aldadarıq
23-04-2018 / 00:03 FUTBOL
2135

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev “Sumqayıt”la oyundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Oyun haqqında nə düşünürsən?

- Bu komanda yığılanda, ilk dəfə Avroliqaya düşəndə atam demişdi ki, sizi 5 il ardıcıl çempion görürəm. Dediyi kimi də oldu. Ciddi məsuliyyətdi bizim üçün. Hər il ölkə futbolunun ən yaxşıları biz oluruq. İlk illərdəki kimi olmasa da, yenə sevincliyik.

 

- Sanki adiləşib çempionluq...

- Məncə, bu adiləşmək deyil, daha çox yaşla bağlıdı. İlk dəfə 5 il bundan qabaq çempion olmuşuq. Onda cava idim, amma illər keçdikcə titullardan daha çox oyuna fokuslanmaq istəyirik. Nəticə qazansaq, qalan hamısı düzələcək. Amma adi bir şey deyil, bu medal üçün ilboyu əziyyət çəkirəm.

 

- Bu çempionluğun əvvəlkindən fərqi nədi?

- Düşünürəm ki, açıq danışmaq lazımdı. Bizə qarşı bütün rəqiblərin oyun üslubu fərqli olub. Həmişə vuruşublar, amma ümumi baxanda çempionatda eniş var. 8 komanda olan yerdə inkişaf edirik desək, bir-birimizi aldadarıq.

 

- Xal fərqi də çoxdu...

- Xal fərqi bir yana, oyunlar göz qabağındadı. Ümid edirəm ki, bundan sonra daha yaxşı, güclü bir yarış təşkil olunar. Bu da Azərbaycan futboluna xeyir olar.

 

- Bundan sonrakı hədəf nədi?

- Uğurlarımızı təkrarlamaq və yeniləmək istəyirik. Ötən il əsasən də klub futbolunda yaxşı uğurlarımız oldu. Milli ilə oyunlara hazırlaşacağıq.

 

- Özünü harda görürsən? “Qarabağ”da qalmaq istəyirsən, yoxsa təklif gəlsə, düşünürsən?

- Azərbaycan daxilində nə varsa, pis – yaxşı “Qarabağ”la qazanmaq istəyirəm. Amma xaricdən təklif gəlsə, ilk öncə klubumun mənfəətini düşünəcəm. Baş məşqçi ilə məsləhətləşəcəm.

 

- Çempionluq yolundakı rəqabətsizlik sizin komandaya təsir etmir ki?

- Düşünmürəm ki, bizə hər şey asan oldu. Bütün rəqiblər xüsusi motivasiya ilə çıxırdılar.

 

- Heç düşündünüzmü ki, birdən çempion ola bilmərik?

- Biz başlayan gündən inanırıq ki, çempion olacağıq. Onsuz mümkün deyil. Hər şəraitdə bu inamı qoruyub saxlayırıq.