"AGF Junior Trophy": Yığmamız 3 medal qazandı

24-04-2018 / 16:25 DİGƏR NÖVLƏR
191

Bakıda ilk dəfə keçirilən gənclər arasında bədii gimnastika üzrə “AGF Junior Trophy” yarışı başa çatıb. Apasport.az saytının məlumatına görə, turnirin ikinci günü ayrı-ayrı alətlər üzrə final mərhələləri baş tutub.

 

Bu mübarizədə azərbaycanlı gimnastlar 3 medala sahib olublar. Belə ki, lentlə hərəkətlərdə Arzu Cəlilova çempion tituluna yiyələnib. O, hakimlərdən 15,850 xal alıb. Bu hərəkətlərdə Azərbaycan millisinin qapıçılarla işləyən məşqçisi Dmitri Kramarenkonun qızı, Rusiya yığmasının heyətində mübarizə aparan Lala Kramarenko (15,700) ikinci, Bolqarıstan gimnastı Tatyana Volojanina (15,600) üçüncü yeri tutub.

 

Topla hərəkətlərdə Nərminə Səmədova fəxri kürsüdə yer alıb. O, qızıl medala sahib olan Darya Trubnikovadan (Rusiya, 17,650) 1,600 xal geri qalıb və ikinci yerlə kifayətlənib. Bu hərəkətlərdə də “üçlüy”ü Tatyana Volojanina (15,850) qapayıb.

 

Komandamıza digər medalı Dərya Farşbafşəhriyari qazandırıb. O, halqa ilə hərəkətlərdə üçüncü olub – 15,600 xal. Təmsilçimizi Lala Kramarenko (Rusiya, 17,750) və Anna Kamenşikova (Belarus, 16,000) qabaqlayıb.

 

Gürzlə hərəkətlərdə isə Arzu Cəlilova 6-cı olub. O, hakimlərdən 14,900 xal alıb. Bu hərəkətlərdə ilk “üçlük”də müvafiq olaraq, Darya Trubnikova (16,700), Lala Kramarenko (17,750) və Tatyana Volojanina (15,850) qərarlaşıb.

 

Qeyd edək ki, yarışın ilk günü Farşbafşəhriyari və Cəlilovadan ibarət komandamız bürünc medala sahib olmuşdu.