Tərlan Əhmədov: Getsin, qalsın?

Tərlan Əhmədov: Getsin, qalsın?
25-04-2018 / 14:41 FUTBOL
5464

Son illər baş məşqçiləri əlcək kimi dəyişməklə azarkeşlərini üzən “Neftçi”, deyəsən, bu vərdişdən qurtula bilməyəcək. Hadisələrin gedişi onu göstərir ki, hələlik Tərlan Əhmədovun da yeri “bərkiməyib”.

 

Bunun da təməli məlum Antalya toplanışında qoyuldu. Həmin vaxtdan bəri hamı “Neftçi”nin ardıcıl 2-3 məğlubiyyətini gözləyirdi ki, Əhmədova “yaxşı yol” komandası verilsin. “Day-dayısı” ilə arası dəyən məşqçi bir tərəfdən yaranmış təzyiqlərin fonunda “Neftçi”ni ayaq üstə saxlamağa çalışsa da, gələcək taleyinin necə olacağı da müəmmadı.

 

Halbuki, “Neftçi” uğursuz illərin ardından indi-indi gün üzünə çıxmağa başlayır. Əhmədovun da bunda əməyini danmaq ən azı onun gördüyü işə hörmətsizlik olar. Çox yox, son 2 ilə nəzər yetirsək, Azərbaycanın ən köklü klubunun hansı hesablarla məğlub olduğu, rəqiblər üçün necə “qapazaltıya” çevrildiyi agah olar. Etiraf edək ki, heç kim “Neftçi”nin “diriləcəyinə” ümid etmirdi, hətta azarkeşləri də komandadan üz döndərmişdi. Amma Əhmədovun sayəsində autsayder gözü ilə baxılan həmin komanda sona 4 tur qalmış Avropa Liqasına vəsiqə şansını qoruyur. Təbii, yeni rəhbərliyin dəstəyi də öz yerində...

 

Əhmədov Avropa Liqasına vəsiqə qazanmayacaqları təqdirdə, istefa verəcəyini demişdi. Amma komandanı Avropaya daşımaq belə, onun “Neftçi”dəki “ömrünü” uzatmaya bilər. Hər halda, gəzən söz-söhbətlərdən belə başa düşmək olar ki, rəhbərlik baş məşqçi postunda dəyişiklikdə maraqlıdı. Bu yerə müxtəlif mütəxəssislərin adlarının hallanması da təsadüfi deyil.

 

Tutaq ki, “Neftçi” avrokuboka vəsiqə qazandı və baş məşqçi dəyişdirildi. Bəs yeni gələn Samir Abasov, Kaxaber Sxadadze, Şota Arveladze və ya bir başqası nə edəcək? “Bu mənim heyətim deyil” deyəcək, öz komandasını yığacaq, yenə 10-dan çox futbolçu gedəcək, bir o qədəri gələcək. Təbii ki, bundan hər kəs öz payını alacaq. Amma nəticə necə olacaq? Avrokubokla erkən vida, növbəti mövsümün əvvəlindəki xal itkiləri... Və “yeni baş məşqçi, yeni formalaşmış heyətdi, vaxt vermək lazımdı” avazı. Yəni “Neftçi” yenidən başa dönəcək.

 

Əslində, “Neftçi” Avropa Liqasına yollanmasa belə, Tərlan Əhmədovu uğursuzluqda ittiham etmək doğru olmaz. Ən azı komandanı ağır durumdan çıxardığı, ümidverici futbolla azarkeşlərə o həyəcanı yenidən qaytardığı üçün.

 

Elə statistika da onun uğursuz olmadığını göstərir. 4-cü turdan sonra komandanı 1 xalla qəbul edən yığmamızın sabiq kapitanı geridə qalan 20 matçda 36 xal toplamağı bacarıb. Bu, orta hesabla 60 faizlik göstərici deməkdi. Bu statistikada isə yalnız Qurban Qurbanov onu qabaqlayır. Yəni neçə ildi postunda oturan, oyun fəlsəfəsini “oturtmaq” üçün kifayət qədər vaxtı olan Roman Qriqorçuk, Samir Abasov da can üstə olan komandanı qəbul edən Tərlan Əhmədovdan geri qalır.

 

Bu cədvəldə baş məşqçilərin cari mövsümdə klublarındakı iş əmsalıdı. İlk “beşliy”ə diqqətlə baxın. Yeni mövsümdə Elxan Abdullayev, Ramiz Məmmədov, Şahin Diniyev hansısa klubda zühur etsə təəccüblənməyin. “Day-dayı”ları da var, “otkat”la işləyəni də. Samir Abasov “Sumqayıt”dan gedə biləcəyini açıqlasa da, yenicə ekologiya və təbii sərvətlər naziri təyin olunan Muxtar Babayevlə söhbətdən çox şey asılıdı. Ramiz Məmmədovun təqdimata ehtiyacı yoxdu. Qurban Qurbanovdan sonra ən yaxşı olan Tərlan Əhmədov gələcək taleyinin necə olacağını heç özü də bilmir. Avrokuboklara vəsiqə qazanması müqabilində “Neftçi”dən göndərilməsi isə təkcə klub rəhbərliyinin deyil, ümumilikdə “Neftçi” camiəsinin ziyanına olar...