AÇ: “Bürünc” də əldən çıxdı - YENİLƏNİB

AÇ: “Bürünc” də əldən çıxdı - YENİLƏNİB
26-04-2018 / 20:03 DÖYÜŞ NÖVLƏRİ
3777

Bu gün İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə Avropa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə Azərbaycan millisinin 9 üzvü tatamiyə çıxıb.

 

Yarışın ilk günü millimiz üçün medalsız başa çatıb. 

 

Avropa çempionatı

Kişilər

60 kq

Vüqar Şirinli mübarizəyə 1/16 finaldan başlayıb. İlk döyüşündə rusiyalı Beslan Mudranovla üz-üzə gələn həmyerlimiz məğlubiyyətə üzülüb.

 

66 kq

Yığmamızın lideri Nicat Şıxəlizadə 1/16 final mərhələsində moldovalı Denis Vyeru qarşılaşıb. O, rəqibinə ipponla qalib gəlib. Şıxəlizadə növbəti görüşündə ukraynalı Georgi Zantaraya ilə münasibətinə aydınlıq gətirib. İdmançımız rəqibini cəmi 57 saniyəyə məğlub edib. Lakin o, 1/4 finalda Matteo Medves (İtaliya) səddini keçə bilməyib. 

 

Məğlubiyyətə baxmayaraq, Nicat bürünc medal uğrunda mübarizəni davam etdirib. O, təsəlliverici qarşılaşmada Dmitri Şerşanla (Belarus) qüvvəsini sınayıb. Lakin bu dəfə də məğlub olub və 7-ci yerlə kifayətlənib.  

 

Bu çəki dərəcəsində qüvvəsini sınayan Orxan Səfərov da yarışa qələbə ilə başlayıb. O, xorvatiyalı Bernard Azinoviçi mübarizədən kənarlaşdırıb. Cüdoçumuz 1/8 finalda Baruç Şmaylovla (İsrail) güləşib və tatamidən qalib ayrılıb. Səfərov ardınca portuqaliyalı Joao Krosostomonu da ipponla məğlub edib. 

 

Orxan yarımfinalda sloveniyalı Adrian Qomboçla gücünü yoxlayıb. Təəssüf ki, o, uğurlu seriyanı davam etdirə bilməyib. Cüdoçumuz bürünc medal uğrunda Şıxəlizadəyə qalib gələn Şerşanla güləşib və ipponla uduzaraq çempionatı medalsız başa vurub.  

 

Qadınlar

48 kq

Leyla Əliyeva ilk qarşılaşmasını sloveniyalı Marusa Stanqara qarşı keçirib. Rəqib qalib gəldiyindən təmsilçimiz yarışla vidalaşıb. 

 

Bazaraqça Erdenebat da 1/8 finala gedən yolda büdrəyib. O, Dilarə Loğmanhəkimə (Türkiyə) uduzub.

 

52 kq

Gültac Məmmədliyeva türkiyəli İrem Korkmazla üz-üzə gəlib. Həmyerlimiz məğlub olaraq, mübarizəni dayandırıb. 

 

Buyanxışıq Purevsuren ilk döyüşündə norveçli Medelin Rubinşteyni sınağa çəkib. Qarşılaşmadan rəqib qalib ayrılıb. 

 

57 kq

Ülviyyə Rəhimli və İçinxorlu Munxtsedev də birinci qarşılaşmasında məğlub olublar. Onlar müvafiq olaraq, polşalı Anna Borovska və kosovolu Nora Qyakovaya uduzublar. 

 

Qeyd edək ki, yığmamız 3 gün davam edəcək qitə çempionatına 16 cüdoçu ilə qatılıb.