“Kəpəz” TPL-lə vidalaşır?

“Kəpəz” TPL-lə vidalaşır?
26-04-2018 / 15:05 FUTBOL
3017

Topaz Premyer Liqasının (TPL) XXV turu I diviziona yuvarlanacaq komandanın adına aydınlıq gətirə bilər. Apasport.az saytının məlumatına görə, hazırda sonuncu pillədə qərarlaşan “Kəpəz”in 8-ci yeri rəsmiləşdirməsi sabah start götürəcək turun nəticələrindən asılıdı.

 

Gəncə təmsilçisi üçün uğursuz olacaq variantda qərblilər Premyer Liqa ilə vidalaşacaq. Bunun baş verməməyi üçün “Kəpəz” qalib gəlməlidi. “Qəbələ”nin qonağı olacaq Yunis Hüseynovun komandası 3 xal qazanmasa, əsas rəqiblərinin büdrəməsinə ümid etməlidi.

 

Hazırda hesabında 13 xal olan “Kəpəz” “Səbail”dən 7, “Keşlə”dən 8 xal geridədi. Bu isə finişə 3 tur qalmış sonuncu yer sahibinin rəsmiləşməsi üçün mümkün şərait yaradır.

 

Əgər “Kəpəz” Qəbələdən xalsız dönsə, hər iki paytaxt klubu qərblilər üçün əlçatmaza çevrilmək imkanı qazanacaq. Bunun üçün “Səbail” səfərdə “Sumqayıt”a qalib gəlməli, “Keşlə” “Neftçi”yə uduzmamalıdı.

 

Hər iki komanda bu vəzifənin öhdəsindən gəlsə, Hüseynovun yetirmələri elitaya “əlvida” deyəcək. Əgər komandalardan biri istəyinə çatsa, həmin klub Premyer Liqadakı yerini qoruyacaq, digəri isə “Kəpəz”lə “rəqabət”i davam etdirəcək.

 

Gəncə Premyer Liqaya heç-heçə ilə də həsrət qala bilər. Bunun üçün həm “Səbail”, həm də “Keşlə” qalib gəlməlidi.

 

Düzdü, “Kəpəz” uduzsa, “Keşlə” heç-heçə etsə hər iki komandanın xalının sonda eyni olması ehtimalı var. Gəncəlilər 1 xal qazansa, “Səbail” qalib gəlsə də eyni ehtimal mümkündü. Lakin Bakı klublarının ikisi də şəxsi görüşlərdə qərblilərdən üstün durumdadı.

 

Qeyd edək ki, artıq Premyer Liqaya vəsiqə qazanan 3 komandadan biri məlumdu. Söhbət əsasnaməyə görə elitada oynamaq hüququ qazanan klublardan gedir. Bu mövsüm ilk üç yeri tutan I divizion təmsilçisini yüksək liqaya çıxmalıdı. “Qaradağ Lökbatan” da artıq ilk “üçlük”də yerini təmin edib. Sona 3 tur qalmış 4-cü sıradakı MOİK-i 9 xal qabaqlayan qaradağlılar şəxsi oyunlardakı üstünlüyə görə artıq mükafatlardan birini təmin edib. Amma “üçlük”də təmin olunan yer Premyer Liqa üçün yetərli deyil. Çünki mükafatçı komanda həm də lisenziyalaşdırma tələblərinə görə elitaya uyğun gəlməlidi.