FHN-nin keçirdiyi çempionat başa çatdı

FHN-nin keçirdiyi çempionat başa çatdı
04-05-2018 / 16:21 DİGƏR NÖVLƏR
355

Fövqəladə Hallar Nazirliyinin (FHN) ümummilli lider Heydər Əliyevin 95 illiyi münasibətilə mini-futbol üzrə keçirdiyi çempionat başa çatıb. Apasport.az saytının məlumatına görə, İdman-Sağlamlıq Klubu və Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki Müdafiə Qoşunlarının stadionlarında baş tutan yarışda 19 komandanın 200-dən artıq əməkdaşı mübarizə aparıb.

 

5 gün davam edən çempionatda komandalar 4 qrupda mübarizə aparıblar. Qruplarda ilk 2 yeri tutanlar mərhələ adlayıb. Yarımfinalda Maddi-Texniki Təchizat İdarəsi Xüsusi Riskli Xilasetmə Xidmətini 7:3, Dövlət Yanğından Mühafizə Xidməti Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyini 3:1 hesabı ilə məğlub edib.

 

Mükafatlar uğrunda oyunlar bu gün təşkil olunub. Öncə bürünc medalçının adına aydınlıq gəlib. Xüsusi Riskli Xilasetmə Xidməti Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyini 8:0 hesabı ilə məğlub edərək, 3-cü yeri tutub.

 

Final isə daha maraqlı alınıb. Fövqəladə hallar nazirinin müavini,  tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və general-leytenant Etibar Mirzəyevin də izlədiyi matçda Maddi-Texniki Təchizat İdarəsi və Dövlət Yanğından Mühafizə Xidmətinin komandaları üz-üzə gəliblər. Oyunun startında birincilər 2 top fərqi ilə önə keçsələr də, rəqibləri status-kvonu bərpa edib. Lakin ilk hissənin sonunda Maddi-Texniki Təchizat İdarəsi yenidən hesabda önə keçib.

 

İkinci hissə də qarşılıqlı hücumlar şəraitində keçib. Dəqiqələr ötdükcə Dövlət Yanğından Mühafizə Xidmətinin irəli atılması rəqibinin işinə yarayıb. Maddi-Texniki Təchizat İdarəsi onları 3 dəfə əks-hücumda yaxalayaraq, hesabı 6:2-yə çatdırıb. Matçın son dəqiqəsində isə Dövlət Yanğından Mühafizə Xidmətinin gücü fərqi azaltmağa çatıb.

 

Beləliklə, 6:3 hesabı ilə qalib gələn Maddi-Texniki Təchizat İdarəsi çempion tituluna yiyələnib. Rəqibi isə ikinci yerlə kifayətlənib.

 

Yarışın bağlanış mərasimində fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyevin turnirin əhəmiyyətindən danışaraq, bütün uğurlarımızın ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. O bildirib ki, ulu öndərin siyasətini ölkə prezidenti İlham Əliyev inamla davam etdirir: “Bu, tək çempionun deyil, nazirliyimizin, xalqımızın qələbəsidi. Arzu edirəm ki, sağlam ruhda böyüyən gənclərimiz tezliklə Qarabağda qələbəni qeyd etsinlər”.

 

FHN-nin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Fizuli Musayev də mükafatçılara uğurlar arzulayıb.

 

Sonda ilk “üçlük”də qərarlaşanlar diplom, medal, kubok və qiymətli hədiyyələrlə mükafatlandırıblar. 

 

Turnirin bombardiri adına Rafael Nağıyev, ən yaxşı qapıçı adına isə Rəşad Səttarzadə (hər ikisi DYMX) layiq görülüb.