Gimnastlarımız Dünya Kubokunda 3-cü oldu

Gimnastlarımız Dünya Kubokunda 3-cü oldu
07-05-2018 / 18:48 DİGƏR NÖVLƏR
131

İspaniyanın Qvadalaxara şəhərində bədii gimnastika üzrə “Challenge” seriyasına aid Dünya Kuboku keçirilib. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarış Azərbaycan millisi üçün uğurlu alınıb.

 

Belə ki, Ayşən Bayramova, Siyana Vasileva, Zeynəb Hümmətova, Diana Doman və Aliyə Paşayevadan ibarət qrup hərəkətləri komandamızın final mərhələsində 3 top və 2 iplə çıxışları onlara turnirin bürünc medalını qazandırıb. 17 komanda arasında gedən mübarizədə qızlarımızın çıxışlarının hakimlər tərəfindən 17.350 xalla dəyərləndirilməsi, onları yalnız Bolqarıstan və İtaliya komandalarından geri salıb. 

 

Dünya Kuboku ilə paralel Fransanın Korbeyl-Esson şəhərində keçirilən beynəlxalq turnirdə isə ölkəmizi yeniyetmə bədii gimnastlarımız Darya Sorokina, Arzu Cəlilova və Yelizaveta Luzan  təmsil ediblər.  Gimnastlarımız arasında ən yaxşı nəticəni Arzu göstərib. O, gürzlər və lent ilə çıxışlarına görə medalın bir addımlığında – 4-cü yerdə qərarlaşıb.