Boyanka Kostova yarışlara niyə qatılmayıb?

Boyanka Kostova yarışlara niyə qatılmayıb?
15-05-2018 / 09:19 ATLETİKA
1876

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin lideri Boyanka Kostovanın yarışlara qatılmamasının səbəbi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası 25 yaşlı milliləşdirilmiş legioneri 2 il müddətinə diskvalifikasiya edibmiş.

 

Belə ki, beynəlxalq qurum London-2012-də istifadəsi qadağan olunan preparatlardan istifadədə günahlandırdığı bolqarıstanlı idmançının orqanizmində dehydrochlormethyltestosterone aşkarlandığını açıqlayıb. Bu səbəbdən də Kostovanın cəzası 2016-cı il iyunun 10-dan hesablanmağa başlanılıb. Onun diskvalifikasiya müddəti bu ilin həmin tarixində başa çatacaq.

 

Maraqlıdı ki, Azərbaycan Ağır Atletika Federasiyası ilə yanaşı, Kostova da bu məlumatı uzun müddət gizləyib. O, hətta ötən ilin oktyabrında saytımıza açıqlamasında əmək haqqını ala bilmədiyi üçün yığmamızı tərk edəcəyini də demişdi: “Azərbaycan millisindəki gələcək karyeramın necə olacağını hələ bilmirəm. Bu, federasiyadan asılı məsələdi. Hazırda necə olacağını bilmirəm. Gözləyirəm ki, federasiyadan mənə öz qərarlarını desinlər. Hələlik gündəlik məşqləri fərdi qaydada davam etdirirəm. Artıq əmək haqqımı da dayandırıblar. 5 aydı maaş almıram. Əgər belə davam etsə, gedib başqa yığmada çıxış edəcəm. Mənim üçün heç bir fərqi yoxdu. Onsuz da çox ölkə məni heyətində görmək istəyir. Hətta konkret təkliflər də var. Lakin onları hələlik açıqlamaq istəmirəm. Hazırda gözləməyə üstünlük verirəm. Yeni ilədək Azərbaycan tərəfindən cavab gözləyəcəm. Əgər həmin vaxta qədər pulumu verməsələr, başqa yığmanı seçəcəm. Yoxsa mən maaşsız karyeramı davam etdirə bilmərəm. Hətta elə də ola bilər ki, ümumiyyətlə karyerama son qoyum. Bunu da istisna etmirəm. Amma hələ qərar verməmişəm. Yeni ilədək gözləyib, sonra hər şeyə aydınlıq gətirəcəm. Çünki bundan artıq gözləyə bilmərəm”.

 

Qeyd edək ki, Rio Olimpiadasına buraxılmayan Boyankanın London Yay Olimpiya Oyunlarındakı nəticəsi də artıq ləğv olunub. Onun qərarlaşdığı 5-ci yer isə belaruslu Nataşa Novikavaya verilib.