Belçika çətinliklə 1/4 finalda

Belçika çətinliklə 1/4 finalda
02-07-2014 / 02:31 DÇ-2014
2120

Braziliyada keçirilən futbol üzrə dünya çempionatının 1/8 final mərhələsi sona çatıb. Apasport.az saytının məlumatına görə, Belçika – ABŞ oyunu 1/4 finala vəsiqə qazanan 8-ci komandanı müəyyənləşdirib.


Bu oyunun qalibi 1/4 finalda Argentina ilə üz-üzə gələcək. Hələ mundial başlamamışdan öncə heyətinə görə gücü yüksək qiymətləndirilən Belçika yığması bu görüşdə favorit göstərilirdi. Bu komandalar indiyə kimi 5 dəfə üz-üzə gəlib. 4 dəfə Belçika, 1 dəfə isə ABŞ qələbəyə sevinib. 8 dəfə “qırmızı iblislər” qol vurub. 5 dəfə isə millimizin baş məşqçisi Berti Foqtsun müşaviri olduğu “yankilər” fərqlənib.
 
Bugünkü oyunda da sevinən tərəf Belçika olub. Avropa təmsilçiləri ikinci hissədə və əlavə olunan vaxtın birinci hissəsində böyük üstünlüyə malik olublar. Belçika bu üstünlüyü 2 qola çevirə bilib. Bundan sonra ayılan ABŞ millisi oyunun son dəqiqələrində rəqibə gərgin anlar yaşadıb. Amma amerikalıların cəmi 1 qol vurmağa gücləri yetib və Belçika çətinliklə də olsa 1/4 finala yüksəlib.

DÇ-2014
1/8 final
2 iyul
 
Belçika - ABŞ - 2:1
Qollar: De Bryune, 93; Lukaku, 105 - Qrin, 107
Hakim: Camel Haymudi (Əlcəzair)
Salvador. “Fonte-Nova” stadionu

Belçika: Kurtua, Alderveireld, Kompanii, Vertonghen, Vitsel, De Bryune, Fellani, Azar, Mertens, Van Byuten, Origi

ABŞ: Hovard, Qonzales, Bredli, Besler, Beasley, Dempsi, Bedoya, Cons, Zusi, Kameron, Conson