Zəlimxan Yaqub: “Aşıq sənəti ilə bağlı xüsusi qanunun qəbuluna ehtiyac var” - MÜSAHİBƏ

zelimxan yaqub asiq seneti ile bagli xususi qanunun qebuluna ehtiyac var musahibe
“Aşıqlar Birliyinə papağımı günə verməyə gəlməmişəm”
Bakı. Elbrus Seyfullayev - APA. Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubun APA-ya müsahibəsi

- Aşıqlar Birliyinin yeni sədri kimi Azərbaycan aşıqlarının bugünkü vəziyyətini necə dəyərləndirirsiniz?

- İstər maddi, istərsə də mənəvi baxımdan bu gün aşıqların vəziyyəti ürəkaçan deyil. Aşıqlara uzun müddət ögey münasibət olub. Lakin bu ögey münasibət dövlət tərəfindən deyil, ayrı-ayrı səlahiyyət sahibləri tərəfindən göstərilib. Aşıq sənəti böyük bir xəzinədir, onu sahibsiz qoymaq olmaz. Birliyin sədri olmamışdan əvvəl də mən son illər bu sahədəki bütün tədbirlərin aparıcısı olmuşam. Aşıqlar cəmiyyətin ən nüfuzlu nümayəndələridir və olacaqlar da. Ən böyük təbliğatçı güc onlardadır. Bütün varlığımı həsr edəcəyəm ki, bu gün ət tökən teleseriallar, iyrənc şoular və bizi özümüzdən ayırmağa yönəlmiş bu kimi təxribatların qarşısını sazla, ozanla alım. Mən bu işə kef çəkməyə yox, əzab çəkməyə gəlmişəm. Bu vəzifədə heç bir problemim və maddi marağım yoxdur.

- Bu gün Azərbaycanda aşıqların sayı nə qədərdir?

- Təxminən 400-500 aşıq var, onlardan 300-dən çoxu birliyin üzvüdür.
Ancaq biz aşıqları imtahandan keçirmək niyyətindəyik, hər yoldan ötən Aşıqlar Birliyinin üzvü ola bilməz.

- Aşıqlar Birliyinin qərargah məsələsi nə yerdədir?

- Hələlik qərargahımız yoxdur. Ancaq yaxın bir ildə qərargah da, maşın da olacaq. Mənim meydanım çox genişdir. Mən istəyirəm ki, digər yaradıcı təşkilatların maddi və mənəvi təminatı hansı səviyyədədirsə, Aşıqlar Birliyi üçün də elə olsun. Biz istəyirik ki, Aşıqlar Birliyi dövlət büdcəsindən maliyyələşsin. Sənətkarlar maddi cəhətdən təmin olunmasa, mənəvi cəhətdən onlardan heç nə tələb edə bilmərik.

- İndi müxtəlif sənət və peşə sahiblərinin müsabiqələrinin keçirilməsi dəb halını alıb. Azərbaycanda aşıqların müsabiqəsini keçirmək fikriniz yoxdur?

- Mən Şirvanda Aşıq Bilal, Qarabağda Aşıq Valeh, Şəkidə Molla Cuma, Şəmkirdə Aşıq Hüseyn Şəmkirli, Göyçədə Aşıq Ələsgər günləri keçirmək və bütün bunların yekun nəticəsi kimi Bakıda aşıqların beynəlxalq tədbirini təşkil etmək istəyirəm. Bundan sonra, aşıqların müsabiqəsini keçirmək mümkündür. Müsabiqədə SMS, pul yarışması olmamalıdır.

- Tarixən Azərbaycana aşıqları öz geyimləri ilə seçilib. Vahid aşıq geyim formasının hazırlaması ideyasına münasibətiniz necədir?

- Bu məsələ bizim qarşımızda duran ən böyük işlərdən biridir. Biz rəssamları dəvət edib müasir aşıq geyim formasını hazırlayacağıq. Elə bir aşıq forması tapmaq lazımdır ki, tarixi ənənə ilə müasirlik orada vəhdət tapsın. Biz vahid aşıq geyim formasını təsdiq edəndən sonra bütün televiziya kanalların rəhbərləri ilə danışıqlar aparacağıq ki, heç bir aşığı həmin geyim forması olmadan efirə buraxmasınlar. İndi aşıqlar efirə mütrüb görkəmində çıxır, xalq da fikirləşir ki, aşıq belə olur.

- Aşıqlara fəxri adların verilməsi məsələsi nə yerdədir?

- Aşıqlara əməkdar incəsənət xadimi və əməkdar mədəniyyət xadimi adları verilir. Əməkdar incəsənət xadimi ən məşhur aşıqlara verilib. Bu gün bir neçə aşığa prezident təqaüdü verilir. Biz bu siyahını genişləndirmək niyyətindəyik. Mənim üçün aşıqlara verilən ən yaxşı ad “Azərbaycanın xalq aşığı” fəxri adı olardı. Heç bir sənət adamı aşıqlar qədər xalqla üz-üzə oturmur. Aşıq sənəti ilə bağlı xüsusi qanunun qəbuluna ehtiyac var. Belə bir qanun qəbul ediləndə “xalq aşığı” fəxri adının təsis olunması ilə bağlı müddəa da həmin qanuna daxil edilə bilər. Bundan başqa, Dədə Qorquddan başlamış bu günə qədər bütün aşıqların hər biri haqqında böyük tədbirlər keçirmək, sarayları yerindən oynatmaq fikrim var. Yəni mən bura papağımı gün verməyə gəlməmişəm. Mən əminəm ki, dövlət başçısı və xalq bizi dəstəkləyəcək.

- Bir müddət əvvəl səhhətinizdə yaranmış problem indi sizi narahat etmir ki?

- Görünür Allah xalqın alqışını eşitdi. Daha Zəlimxana ölüm yoxdur. İndi mənim ən böyük sevincim “Peyğəmbər” poemamla bağlıdır. Artıq bu əsəri bitirmişəm. Bu əsər mənim yaradıcılığımın şah nöqtəsidir. Bu poema oxuculara çatandan sonra, rahat ölə bilərəm. Bu günlər prezidentin vəkili kimi rayonlara gedib xalqa görüşəndən sonra ruhum ərşi-əlaya qalxıb. İndi ruhum göylərdə mələk kimi qanad çalır...

- Prezidentliyə namizəd İlham Əliyevin vəkili kimi hansı işlərlə məşğulsunuz?

- Son on gündə beş rayonun ərazisində iyirmi yeddi kənddə insanlarla görüşlər keçirmişəm. Bundan başqa, Bakıda da müəyyən tədbirlərdə iştirak etmişəm. Ümumilikdə otuzdan çox tədbirə qatılmışam. Bu tədbirlərin məntiqi nəticəsi mənə onu deyir ki, xalq İlham Əliyevi birmənalı şəkildə sevir, qiymətləndirir və arxasında dayanır. Bu gün dövlət başçısının adı çəkiləndə fikir haçalanmır. Hamı bir ağızdan İlham Əliyevə səs verəcəyini deyir. İlham Əliyev ayağı ruzili, qismətli bir prezidentdir. Əgər biz 10-15 il bundan əvvəl xalqın üstünə gedəndə sosial problemlər böyük bir məsələ kimi qarşımıza çıxırdısa, bu gün demək olar ki, sosial problemdən danışan yoxdur. Xalq Rusiyada, Gürcüstanda, Ermənistanda olan vəziyyəti görür. Bu gün adamlar dünyada analoqu olmayan inkişafı öz ölkəsində görürlər. Azərbaycan başdan-başa tikinti meydanına çevrilib. Tikilən, qurulan qurğular bu günə yox, on il, yüz il sonralara hesablanıb. Azərbaycan prezidentinin bir xoşbəxtliyi də ondadır ki, o, təkcə prezident kimi yox, həm də şəxsiyyət kimi sevilir.

- Son beş ildə Azərbaycanda mədəniyyət və ədəbiyyat sahəsində görülən işləri necə qiymətləndirirsiniz?

- Bu gün bütün ölkədə olan yaradıcı təşkilatların binaları, mədəniyyət ocaqları başdan-başa təmir olunub, memarlıq abidəsinə çevrilir. Dünyanın heç bir ölkəsində bu qədər məktəb tikintisi baş verməyib. 70 ildə Sovet hökumətinin bacarmadığı işlər son bir neçə ildə həyata keçirilib. Azərbaycanda əlifba islahatından sonra böyük bir uçurum yarana bilərdi, amma dövlət başçısının sərəncamı ilə əksər yazıçı və şairlərin əsərləri latın qrafikası ilə çap edildi. MDB ölkələrinin heç birində bu proses baş verməyib. Yəni ölkədə kitab mədəniyyəti qorunub, saxlanılıb. Son illər nə qədər elm adamlarına, ziyalılara, yazıçı və şairlərə, mədəniyyət xadimlərinə təmənnasız evlər, prezident təqaüdləri, fəxri adlar verilib. Bütün bunlar “Mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm” deyən İlham Əliyevin əməlləridir. Bu gün muğam sənəti YUNESKO səviyyəsində dünyanın qəbul etdiyi mədəniyyət nümunəsinə çevrildi. Bu, dövlət başçısının siyasətidir. İndi bunun ardınca aşıq sənəti gəlir. Bütün tarixi dövrlərdə ölkənin başında dayanan şəxs həmin dövlətin taleyini həll edir. Biz öz prezidentimizlə fəxr edə bilərik. Dövlət başçısı üçün xarici dilləri mükəmməl bilmək çox böyük üstünlükdür. Mən öz taleyimi ona etibar edirəm. İctimai rəy deyir ki, bizim prezidentimiz İlham Əliyev olacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qeyri hokumet teskilatlarina dovlet desteyi surasinin 10 illik yubileyi munasibetile tedbir kecirilib
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 ill...
  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267