Şakir Musayev: “Sahil bağından çıxarılmış cəsədlərinin qalıqlarının kimlərə məxsus olduğunu müəyyənləşdirəcəyik” - MÜSAHİBƏ

sakir musayev sahil bagindan cixarilmis cesedlerinin qaliqlarinin kimlere mexsus oldugunu mueyyenlesdireceyik musahibe
Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri: “ Azərbaycan ekspertlərinin Sahil Bağında dəfn olunmuş “26 Bakı Komissarı”nın cəsədlərinin qalıqlarının kimlərə məxsus olduğunu müəyyənləşdirmək üçün dünya standartlarına uyğun imkanları var”
Bakı. Vahid Səfixanov-APA. Bakının mərkəzində, Sahil bağında yenidənqurma işləri aparılarkən burada aşkar edilmiş 23 cəsədin qalıqları yanvarın 26-da din xadimlərinin iştirakı ilə bütün dini ayinlər icra olunmaqla şəhər qəbiristanlığında dəfn olunub. Sovet dövrü tarixindən bizə məlum olan faktlara görə, bu cəsədlərin qalıqları 26 Bakı komissarına məxsusdur.
Azərbaycan Milli Arxiv İdarəsinin rəisi, tarix elmləri doktoru Ataxan Paşayevin dediyinə görə, 1918-ci il sentyabrın 20-də Türkmənistanın Ağcaqum çölündə güllələndiyi bildirilən bu adamların taleyi barədə təxminən iki il xəbər-ətər olmayıb. 1920-ci il iyunun 13-də Bakı Soveti 26 komissarının cəsədlərinin Bakıya köçürülməsi xahişi ilə Leninə müraciət edir. Bundan sonra Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin (MİK) Rəyasət Heyəti “26 Bakı komissarının cəsədlərinin köçürülməsi və dəfni haqqında” qərar qəbul edir. Həmin il avqustun 30-da MİK Rəyasət Heyətinin katibi A. Yenukidze Bakı Sovetinin sədrinə teleqram göndərir və bildirir ki, cəsədlər Bakıda Şərq xalqlarının qurultayı keçirilən günlərdə dəfn olunsun. Sentyabrın 10-da həmin cəsədlər indiki Sahil bağında dəfn edilir...
Sahil bağındakı qəbirlər Azərbaycan Milli Elmlər Akademiyasının alimləri və respublika Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin aparıcı mütəxəssislərinin iştirakı ilə açılıb.
Cəsədlərin qalıqları ilə bağlı məhkəmə-tibbi və tibbi-kriminalistik tədqiqatlar aparan Birliyin baş direktoru, ekspertlər qrupunun rəhbəri, tibb elmləri doktoru, professor Şakir Musayevlə APA-nın əməkdaşının söhbətində maraqlı faktlar üzə çıxıb.
- Bakı Şəhər İcra Hakimiyyətinin Sahil bağında apardığı yenidənqurma işləri zamanı cəsədlərin qalıqlarının aşkar edilməsi barədə məlumat aldıqdan sonra, Səhiyyə Nazirliyindən verilmiş göstərişə əsasən, mənim rəhbərliyim altında mütəxəssislərimiz orada müayinəyə başladılar. Biz bütün tələbləri gözləməklə ekspertizaya başladıq. Gecə-gündüz işləməklə məhkəmə-tibbi və tibbi-kriminalistik tədqiqatlar apararaq müəyyənləşdirdik ki, aşkar edilmiş skelet sümükləri avropoid irqindən olan kişi cinsinə məxsus 23 şəxsə məxsusdur. Onlardan 11-nin yaş həddi 20-29, 10-nun yaş həddi 30-39 idi. İlkin mərhələdə qalan 2 skelet barədə qəti nəticəyə gələ bilmirdik. Biz onların yaşının 40-dan yuxarı olduğunu zənn edirdik. Lakin skeletlərin alt çənə sümüklərinin təhlili birinin yaşının 40-ı keçmiş olduğunu, digərinin isə 30-39 yaşında olduğunu müəyyən etməyə imkan verdi.
Bununla belə, yaş həddini müəyyən etmək metodikasında xətalar da nəzərə alınmalıdır.
Qeyd edək ki, vaxtilə sovet ədəbiyyatında Bakıya 26 cəsədin gətirilərək burada dəfn edildiyi bildirilirdi. Ağcaqum çöllərində aşkar edilən cəsədlərin kimlərə məxsus olması nə o vaxt, nə də sonralar bilinmirdi. O da məlum idi ki, onların yaxınlarından və qohumlarından heç kim cəsədləri tanımaq üçün dəvət olunmamışdı, dəvət olunanlar isə məlum səbəblərdən tanınmaya gəlməmişdilər. Axı, onların ölümündən 2 ildən artıq bir vaxt keçirdi. Xronika mərasim zamanı 26 tabutun mövcud olduğunu göstərir. Lakin tabutların içərisində hansı cəsədin olduğu yalnız onları Orta Asiyadan gətirən Kuznetsovun missiyasına məlum idi. Komissarların bəzilərinin ailə üzvləri yalnız Bakıda keçirilən təntənəli dəfn mərasimində iştirak etmişdilər. O zaman çəkilmiş kinoxronika kadrları da var. İndi isə faktiki olaraq 23 cəsəd aşkar edilib...
Şakir Musayev isə bunları qeyd edir:
- Skelet sümüklərində çoxsaylı odlu silah zədələmələri aşkar olunub. Xüsusilə həyati vacib orqanların yerləşdiyi döş və baş nahiyələrində, ətraflarda da bu xəsarətlər aşkarlanıb. Biz bu zədələri qiymətləndirərkən belə nəticəyə gəldik ki, həmin insanlara qarşı iki növ silahdan istifadə olunub. Xəsarətlərin çoxluğu və ardıcıllığı isə o dövrün avtomat tipli silahlarının tətbiq edildiyini göstərir. Xəsarətlərin xarakteri gücü böyük olan döyüş silahlarından istifadə olunmasına sübutdur. Biz bütün müayinələri aparıb, zəruri materialları götürəndən sonra cəsədlərin qalıqları bu il yanvarın 26-da şəhər qəbiristanlığında dəfn edilib. Köçürmə prosesinə Azərbaycanın müvafiq qurumları tərəfindən humanistcəsinə yanaşılıb. Yəni dəfn mərasimi müsəlman, xristian və yəhudi dinindən olan ruhanilərin iştirakı ilə və müvafiq dini ayinlər icra olunmaqla həyata keçirilib. Cəsədlərin qalıqlarının kimlərə məxsus olduğuna gəldikdə isə, hələlik ümumi şəkildə bilirik ki, vaxtilə indiki Sahil bağında Bakı komissarları dəfn edilib, onlara məxsusluğu inkar olunmur.
Ancaq şəxsən kimlərin dəfn olunduğu isə hələ məlum deyil. Ekspertlər bütün müayinələri aparıb, müvafiq diaqnostik meyarları cəmləyib kompleks qaydada qiymətləndirməyincə, şəxsiyyət haqqında fikir yürütmürlər. Lazımi obyektləri götürsək də işin gedişində bizə hələ əlavə materiallar lazım ola bilər. Belə ki, arxiv materialları tələb edəcəyik, dəfnin nə vaxt həyata keçirildiyi barədə rəsmi sənəd alacağıq. Onlar buraya nə vaxt gətirilib və s. suallara cavab alınandan sonra biz də öz növbəmizdə qarşımızda qoyulmuş suallara cavab verəcəyik. Zərurət yaranarsa, eksqumasiyaya əl atacağıq. Bu, o qədər də problem yaratmayacaq, çünki tabutlar elə nömrələnib basdırılıb ki, istədiyimizi asanlıqla tapmaq mümkündür. Hansı tabutu açıb nəyi götürəcəyimizi yaxşı bilirik.
Şəxsiyyətin identifikasiyası olduqca mürəkkəb, çoxşaxəli və çoxmərhələli prosesdir. Biz Sahil bağında təşkil etdiyimiz səyyar və yaxşı təchiz olunmuş laboratoriyada cəsədlərin sayını, həmin şəxslərin cinsi, yaşı və irqini təyin etmişik. Bunlar identifikasiyanın ümumi hissəsinin bir mərhələsidir. Yeri gəlmişkən, nəzərinizə çatdırıram ki, cəsədlərin aşkar olunduğu yerdə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bizim normal işləməyimiz üçün yüksək şərait yaradılıb. Bu mərhələnin hamısını qiymətləndirib ümumi nəticəyə gəlsək belə, əgər ortalıqda digər daha həssas metodların nəticəsi yoxdursa, bugünkü dünya ekspert təcrübəsi və onu nizamlayan normativ sənədlər icazə vermir ki, ekspert cəsədin fərd səviyyəsində konkret olaraq kimə məxsus olduğunu desin. Bununla yanaşı, sümük qalıqları üzərində hazırda tətbiq etdiyimiz, etibarlılıq dərəcələri yüksək olan müasir metodikalar aşkar edilmiş cəsədlərin qalıqlarının güman olunan şəxslərə məxsusluğu haqqında böyük ehtimalla fikir söyləməyə imkan verəcək. Eyni zamanda, sayı müəyyən olunan cəsədlərin qalıqlarının hərtərəfli və tam müayinələri zamanı aşkar edəcəyimiz digər diaqnostik göstəricilər inkar metodunun tətbiqi nəticəsində bizə güman olunan şəxsin konkret olaraq dəqiq inkar olunmasına əsas verəcək.
İş yerində bizə - ekspertlərə komissarların şəkilləri təqdim olunub. Bu şəkillərə əsasən, bizdə müəyyən təsəvvürlər formalaşıb. Sadəcə, biz mövcud müasir ekspert metodlarını tətbiq edib, aldığımız nəticələrin ümumiləşdirilmiş analizini aparıb onları kompleks şəkildə qiymətləndirərək ümumi nəticəyə gəlməyincə, konkret fikir söyləməyə lüzum görmürük. Bu mövqe həm ekspertizaların keçirilmə tələblərinə uyğundur, həm də mənəvi qanunlara. Təkrar edirəm, sümük qalıqlarına görə şəxsiyyətin fərd səviyyəsində müəyyənləşdirilməsi olduqca mürəkkəb və çətin olsa da, əminəm ki, biz bu işin öhdəsindən gələcəyik. Biotoxumalar (sümük toxuması, saç, qan və s.) içərisində əlverişsiz mühitə ən dözümlüsü sümük toxumasıdır. Bu toxumanın aid olduğu fərd haqqında informasiyadaşıma qabiliyyəti daha çoxdur. Başqa sözlə desək, sümük toxuması insan orqanizminin “qara qutu”sudur. Sümüklər içərisində də daha çox informatik qabiliyyətlisi insan kəlləsidir. İnsan kəlləsində sümüklərin sayı da çoxdur. Kəllənin bir üstünlüyü də odur ki, onun köməyi ilə aid olduğu şəxsin ehtimal olunan xarici görkəm cizgilərini də bərpa etmək mümkündür. Dəfn edilənlərin bəzilərinin kimliyi barədə böyük ehtimalla gümanlar da var. Bir daha vurğulayıram ki, identifikasiya mərhələləri hələ başa çatmadığı üçün məhkəmə tibbi və digər elmlər baxımından fikir söyləmək məqsədəuyğun deyil. Ancaq ictimaiyyətimiz arxayın ola bilər, məsələni obyektiv araşdırmaq üçün birliyimizin dünya standartlarına uyğun bütün imkanları var. Son iki ildə laboratoriyalarımız dünyanın aparıcı ekspert idarələrinin maddi-texniki bazasına uyğunlaşdırılıb. Laboratoriyalar müasir molekulyar-genetik, atom absorbiya, rentgen, mikroskoplar və digər yüksək həssaslı texniki göstəriciləri böyük olan avadanlıqlarla təmin edilib. Laboratoriyamız isə ABŞ-ın Kriminalistik Laboratoriyaların Direktorlar Şurası tərəfindən akkreditasiyadan keçməyə hazırlaşır.
Ş. Musayev deyir ki, birliyin mütəxəssislərinin apardıqları ekspertizaların obyektivliyinə yüz faiz təminat verirlər. Ekspertlər müntəzəm olaraq dünyanın müxtəlif ölkələrindən olan həmkarları ilə görüşür, təcrübə mübadiləsi aparır və müvafiq təlimlər keçirlər. Hazırda dünyanın aparıcı ekspert idarələrində tətbiq olunan son metodikalar Birlikdə də tətbiq edilir. Burada yüksək səviyyəli peşəkarlar çalışır və onların apardığı ekspertizalara beynəlxalq miqyasda böyük etimadla yanaşılır. Xatırladaq ki, 1998-ci ildə tibb elmləri doktoru, professor Şakir Musayev 1918-ci ilin iyulunda Yekaterinburqda güllələnmiş Rusiya imperatoru II Nikolayın və onun ailə üzvlərinin cəsədlərinin qalıqlarının müayinəsinə cəlb olunub. Rusiya hökumət komissiyasının bu məsələ ilə bağlı kitab şəklində nəşr edilmiş materiallarında (“Pokayaniye”) Şakir Musayevə xüsusi təşəkkür ifadə olunub. Professor məşhur dəniz səyyahı Berinqin ölümündən 250 il sonra onun identifikasiyasında, ötən əsrin 90-cı illərində Bakı yaxınlığında – Pirəkəşküldə dəfn olunanların ölüm səbəbinin araşdırılmasında son sözü deyib. Bununla yanaşı, insanların həyat və sağlamlığına yönəlmiş və cəmiyyətimizdə ciddi narahatlıq yaradan bir çox ağır cinayətlərin araşdırılmasında və cinayətkarların ifşa edilməsində məhkəmə-tibb ekspertlərin və tibbi kriminalistlərin müstəsna köməyi olub.
Şakir Musayev cəsədlərin qalıqlarının kimə məxsus olduğunu müəyyənləşdirəcəklərini əminliklə vurğulayır:
- Cəsədlərin qalıqlarının kimlərə məxsus olduğunu müəyyənləşdirəcəyik. İctimaiyyətin darıxmasına ehtiyac yoxdur. Biz bu mürəkkəb ekspertizanı mərhələ-mərhələ aparırıq. Müayinə davam edir. Xeyli metodika tətbiq etməliyik. Bu işin mürəkkəbliyi ondan ibarətdir ki, ekspertiza qarşısında qoyulan sualların və obyektlərin sayı həddən artıq çoxdur. Yaddan çıxarmayaq ki, yaşlı insanlarda 200-ə yaxın sümük olur. Sahil bağında aşkar edilmiş sümüklər ölümlərindən neçə onilliklər keçmiş şəxslərin cəsədlərinə məxsusdur. Eyni zamanda, sümüklər, xüsusən də kəllə, kürək sümükləri, qabırğalar və s. odlu silah zədələnmələri nəticəsində çoxsaylı fraqmentlərə parçalanmışdır. (Ağcaqum çölündə 26-ların cəsədləri aşkar olunarkən meyitlərin çoxunun başının parçalandığı və bədənlərindən ayrılaraq ayaqları altına atıldığı, eləcə də onların qılıncla doğrandığı barədə sovet mətbuatında kifayət qədər məlumat verilib-red.)
Bu sümüklərin aid olduğu şəxslərin ölümündən uzun müddət keçdiyi üçün onlarda aşılanma, kövrəklik və çürümə prosesləri, bəzi fraqmentlərin və sümüklərin yoxluğu ekspert işini daha da mürəkkəbləşdirib. Təlimata görə, bir şəxsin identifikasiyasına azı 1-2 ay vaxt lazımdır. Burada isə söhbət 23 cəsədin qalığından gedir. Sözsüz genetik ekspertiza aparmalıyıq. Bunların hər birinin arxasında xeyli metodika dayanır. Digər növ məhkəmə ekspertizalarında maksimum 5-6, uzağı 8 metodikadan istifadə olunur. Biz isə Qubada aşkar edilmiş insan skeletlərinin müayinəsi zamanı qarşımızda qoyulan sualların elmi həlli üçün 80-ə yaxın metodika tətbiq etmişik.
Müayinə obyektlərinin hamısının şəkli çəkilib, ölçüləri götürülüb. Sümüklərdə bütün zəruri əlamətlər fiksə olunub. Yeri gəlmişkən, bəzi sümüklər yerində yoxdur. Yəqin ki, onlar o vaxt ilkin köçürülmədə və gətirilərkən it-bata düşüb. Bilirəm ki, ictimaiyyəti identifikasiya məsələsi daha çox maraqlandırır. Bir daha təkrar edirəm, bu işi vaxtında, elmin və texnikanın son nailiyyətlərinin tətbiqi ilə əldə edilmiş meyarları qiymətləndirməklə başa çatdıracağıq. Artıq cəsədlərin qalıqlarının məxsus olduğu insanların yaşı, cinsi, irqi, boyu məlumdur. Onlara məxsus digər identifikasiya əlamətləri tapılandan sonra kiminləsə müqayisə zərurəti yaranacaq. Ekspertlərimiz cəsədlərin qalığını kiminlə müqayisə edəcəksə, müqayisəli diaqnostik meyarları mötəbər dərəcədə hazırlamaq iqtidarındadırlar. Bu və ya digər güman olunan şəxs haqqında fikir söyləmək üçün mütləq qaydada müqayisə obyektlərinə ehtiyac var. Bunun üçün şəxsiyyətləri müəyyənləşdirilənlərin şəxsi sənədləri, tibbi sənədi, hərəkəti, davranışı, vərdişləri, sağlıqlarında aldıqları travmalar, aparılan cərrahi əməliyyatlar, qan qrupları və s. haqqında məlumatlar çox əhəmiyyətlidir. Onlar haqqında arxiv sənədləri mütləq bizə təqdim olunmalıdır. Güman olunan şəxslərin fotoşəkillərinin çeşidlərinin çoxluğu da vacibdir. Əlbəttə, onların tibb kartları tapılarsa, daha yaxşı olar. Bütün bunlar müayinə obyektini müəyyənləşdirməkdə çox vacibdir. Ona görə də rəsmi arxiv sənədlərinə və tarixçilərin köməyinə böyük ehtiyacımız vardır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bu il azerbaycana avtomobil idxali 3 defe artib
    Bu il Azərbaycana avtomobil idxalı 3 dəfə artıb
  • elil sexslere verilen protez ortopedik memulat ve reabilitasiya vasitesinin sayi aciqlanib
    Əlil şəxslərə verilən protez-ortopedik məmulat və reabilitas...
elil sexslere verilen protez ortopedik memulat ve reabilitasiya vasitesinin sayi aciqlanib elil sexslere verilen protez ortopedik memulat ve reabilitasiya vasitesinin sayi aciqlanib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267