Azərbaycan nümayəndə heyəti Konstitusiya Məhkəmələrinin Dünya Forumunda iştirak edib
APA Azeri Press Agency

Azərbaycan nümayəndə heyəti Konstitusiya Məhkəmələrinin Dünya Forumunda iştirak edib

[ 28 Yanvar 2009 15:25 ] |

Bakı. Hafiz Heydərov – APA. Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Konstitusiya Məhkəmələrinin Dünya Forumunda iştirak edib. Konstitusiya Məhkəməsindən APA-ya verilən məlumata görə, yanvar aynın 21-24-də Avropa Şurasının Venesiya Komissiyası ilə Cənubi Afrika Respublikasının Konstitusiya Məhkəməsinin birgə təşkilatçılığı ilə “Konstitusiya ədalət mühakiməsinin cəmiyyətin inkişafına təsiri” mövzusunda Keyptaun şəhərində Konstitusiya Məhkəmələrinin Dünya Forumu keçirilib. Tədbirin təntənəli açılışında çıxış edən Cənubi Afrika Respublikasının prezidenti Kqalema Motlante konstitusiya nəzarəti orqanlarını sıx əməkdaşlığa dəvət edib, beynəlxalq forumun bütün iştirakçılarına uğurlar arzulayıb. O, öz nitqində həmçinin dövlətlərarası əlaqələrə də məhkəmə-hüquq əməkdaşlığın xüsusi töhfə edə biləcəyinə əminliyini qeyd edib.
Forum çərçivəsində səslənən çıxış və müzakirələrdə xarici konstitusiya nəzarəti orqanları qərarlarının milli konstitusiya məhkəmələrinin fəaliyyətində tətbiqi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin konstitusiya məhkəmələrinin qərarlarında öz əksini tapması, konstitusiya məhkəmələrində baxılan fərdi şikayətlərlə bağlı bir sıra fikir mübadiləsi aparılıb.
Tədbirin yekununda bəyannamə qəbul edilib. Bəyannamədə ölkə konstitusiyalarında təsbit edilən dəyərlərin müdafiəsində konstitusiya məhkəmələrinin xüsusi rol oynadığı qeyd edilib.