Bakıda Avropa Azərbaycan Cəmiyyətinin təqdimat mərasimi keçirilib

Bakı - APA. Bakıda Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, Milli Məclisin üzvləri, Bakıda fəaliyyət göstərən diplomatik korpusun, eləcə də hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, iş adamları, Avropa icması fəallarının qatıldığı mərasimdə giriş nitqi ilə çıxış edən AAC sədri Tale Heydərov təşkilatın yaradılmasının məqsəd və məramlarından danışıb: “Avropa Azərbaycan Cəmiyyəti 2004-cü ildə Böyük Britaniyada təsis edilmiş London Azərbaycan Cəmiyyətinin əsasında fəaliyyətə başlayıb, ötən ilin noyabrında Londonda Lordlar Palatasında təqdimatı keçirilib. Azərbaycanın Avropa arenasında tanıdılması məqsədilə həyata keçirdiyi layihələrin əhəmiyyətini nəzərə alaraq, Cəmiyyətin Bakı ofisinin yaradılmasına qərar verilib. Avropa Azərbaycan Cəmiyyətinin başlıca məqsədi zəngin mədəniyyətə, böyük iqtisadi imkanlara malik Azərbaycanı Avropada tanıtmaq, Azərbaycanın beynəlxalq əlaqələrini Avropa KİV-ində, siyasi və mədəni dairələrdə təbliğ etmək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri beynəlxalq səviyyədə yaymaqla, Qərbin bu konfliktə diqqətini artırmaq, Avropada yaşayan və təhsil alan azərbaycanlıları qeyd edilən məqsədlərin həyata keçirilməsində birgə fəaliyyətə cəlb etməkdir”.

Cəmiyyətin fəaliyyət istiqamətlərindən bəhs edən T. Heydərov Azərbaycanın Avropa məkanında tanıdılması məqsədilə təşkilat tərəfindən hazırlanan nəşrlərin əhəmiyyətini önə çəkib. O, AAC-ın üç aydan bir ingilis dilində “Visions of Azerbaijan” adlı jurnal nəşr edərək, dünyanın aparıcı kitabxanaları, elm və tədqiqat mərkəzlərində yaydığını, Azərbaycan barədə informasiyaları xarici auditoriyaya sadə və cəlbedici formada təqdim etmək məqsədilə ingilis və rus dillərində “Azərbaycan: 100 sual-cavab” kitabını nəşr etdiyini, yaxın aylarda Britaniyada Dağlıq Qarabağ münaqişəsi barədə xarici müəlliflərin elmi məqalələrindən ibarət kitabın yenidən nəşr ediləcəyi söyləyib.

AAC sədri Azərbaycan haqqında hazırladıqları nəşrlərin Avropada aparıcı kitab dükanları şəbəkələri vasitəsilə yayılmasına da xüsusi əhəmiyyət verdiklərini qeyd edib. Bu məqsədlə artıq Böyük Britaniyanın “Waterstone Books” kitab dükanları şəbəkəsi ilə danışıqlar aparılır.

T. Heydərov hazırda AAC-in üzərində işlədiyi layihələrdən bəhs edərkən, britaniyalı rejissor Nik Tayron tərəfindən çəkilən “Mənim Sürreal Vəzifəm” (“My Surreal Duty”) adlı filmi xüsusi qeyd edib: “Avropa Azərbaycan Cəmiyyətinin təşəbbüsü və Azərbaycan musiqi alətlərinin mahir ifaçısı, amerikalı Cefri Verbokun yaxından iştirakı ilə çəkilən bu sənədli film Qarabağın qeyri-adi musiqi irsi fonunda Ermənistanın təcavüzü nəticəsində buradan köçkün düşmüş azərbaycanlıların acınacaqlı həyatından bəhs edir. Film üzərində işlərin yaxın günlərdə yekunlaşacağı gözlənilir”.

Sonra çıxış edən “Azərbaycan: 100 sual-cavab” kitabının, eləcə də “Visions of Azerbaijan” jurnalının məsləhətçi redaktoru Enn Tompson bildirib ki, Azərbaycan artıq diplomatik, iqtisadi və hökumət dairələrində tanınmış bir ölkə olsa da, hələ də ölkə haqqında məlumatlı olmayan insanlar var. “İndi Avropa Azərbaycan Cəmiyyətinin səyləri və Azərbaycan-Böyük Britaniya Gənclər Cəmiyyətinin köməyi ilə bizim əlimizdə suallarımıza cavab tapa biləcəyimiz bir kitab var: “Azərbaycan: 100 sual-cavab”. Kitabda gözəl illüstrasiyalar, fotolar, xəritələr, şəkillər, Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı haqqında hərtərəfli məlumatlar var. Siz kitabda Azərbaycanın yeməklərindən tutmuş, inanclarına qədər çox müxtəlif məlumatlarla, muğamının tarixi ilə, eləcə də neftdən istifadə etməklə, sağlamlığınızı möhkəmləndirmək imkanları ilə tanış ola bilərsiniz”. E. Tompson onu da qeyd edib ki, kitabın ingilis və rus variantları AAC-nin böyük nailiyyətlərindən biridir: “Cəmiyyətin digər nailiyyəti, üç aydan bir çap olunan “Visions of Azerbaijan” jurnalıdır. Jurnalda ölkənin mədəniyyəti, tarixi, adət-ənənələri, iqtisadi potensialı haqqında maraqlı məqalələr nəşr edilir”.

Sonda çıxış edən Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, xanım Kerolayn Braun təxminən 4 il əvvəl Londonda təhsil alan bir qrup tələbənin öz ölkələrini tanıtmaq üçün irəli sürdüyü bu təşəbbüsün artıq London sərhədlərini aşaraq Avropaya transfer olmasını sevindirici hal adlandırıb. Xanım Braun AAC-nin gələcəkdə daha uğurla fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib.

Daha sonra tədbirdə AAC-nin təşəbbüsü ilə çəkilən “Mənim sürreal vəzifəm” sənədli filmindən bir parça nümayiş etdirilib, tədbir iştirakçılarına Cəmiyyətin Londonda nəşr etdiyi “Biznes bülleten”, “Qafqazda və beynəlxalq siyasətdə Azərbaycanın rolu” və “Dağlıq Qarabağ” adlı broşurlar, həmçinin “Azərbaycan: 100 Sual-cavab” kitabının rus və ingilis nəşrləri, “Visions of Azerbaijan” jurnalının son nömrəsi paylanıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:35 20 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gomruk prosedurlarinin sadelesdirilmesi ve suretlendirilmesile bagli seminar kecirilir
    Gömrük prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi...
  • azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib
    Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş elmi-praktiki...
azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267