AMEA prezidenti Mahmud Kərimov: “26 Bakı komissarının bir qisminin Hindistana aparılması barədə ingilis mənbələrində də məlumatlar var”

amea prezidenti mahmud kerimov 26 baki komissarinin bir qisminin hindistana aparilmasi barede ingilis menbelerinde de melumatlar var
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimovun APA-ya müsahibəsi
- 26 Bakı komissarının cəsədlərinin “Sahil” bağından köçürülməsi zamanı məzarlıqdan 23 cəsədin qalıqlarının tapılması birmənalı qarşılanmayıb. Bu məsələ ilə bağlı AMEA-nın rəsmi mövqeyi necədir?

- Rəsmi mövqe bildirmək üçün orada araşdırmalar aparılmalıdır. Biz hələ o cəsədlərin kimə məxsus olduğunu bilmirik. Əfsuslan olsun ki, arxiv sənədlərinin əksəriyyəti Sovet hakimiyyəti illərində itib. Amma buna baxmayaraq yenə də axtarış aparmaq lazım gələcək. Oradan yalnız 23 nəfərin cəsədinin çıxarılması həqiqətən də şübhələri artırır. Bəs o zaman digər üç nəfərin cəsədi hanı? Bu çox güclü tədqiqat mövzusudur. Mən artıq Tarix İnstitutuna bu məsələ ilə əlaqədar araşdırma aparılması üçün göstəriş vermişəm. Biz “Sahil bağı”nda kimlərin dəfn olunduğunu, kimin cəsədlərini başqa yerə köçürdüyümüzü bilməliyik.

- Belə fikirlər var ki, komissarların sayı cəmi 14 nəfər olub.

- Bəli, həqiqətən də komissarların sayı cəmi 14 nəfər olub. 26 rəqəminin haradan çıxdığını bilmirəm. Guya onları güllələyəndən sonra Türkmənistandan cəsədlərini Bakıya gətiriblər. Hamısı sovet dövlətinin təbliğatı idi. Tarixi sənədlərdə, materiallarda isə göstərilir ki, cəmi 14 komissar olub.

- Bu istiqamətdə araşdırmalar nə zaman başlayacaq?

- Bu istiqamətdə araşdırmalar rəhmətlik akademik Ziya Bünyadov tərəfindən başlanmışdı. O, bu məsələ ilə bağlı bir neçə məqalə yazıb. Hesab edirəm ki, bunlar çox qiymətli əsərlərdir. O, arxiv sənədlərini qaldıraraq bir çox məsələlərə aydınlıq gətirmişdi. Amma bunlar həmin arxiv sənədlərinin kiçik bir qismidir. Əsas arxiv sənədləri yəqin ki, bizə məluma olmayan yerlərdə saxlanılır. Onların axtarışı bizim üçün vacibdir. Hətta deyilənə görə, həmin sənədlərin bir çoxu vaxtilə yüksək dövlət vəzifələrində çalışmış Anastas Mikoyan tərəfindən Bakıdan aparılıb. O Bakıya gəlib, öz səlahiyyətlərindən istifadə edərək bu sənədlərin çox hissəsini aparıb. Həmin sənədlərin axtarışı çox vacibdir. Bu sənədlər tapılmalıdır. Bu məsələ ilə il ərzində çox ciddi məşğul olacağıq. Məsələnin bir ucu da Hindistana gedib çıxır.

- AMEA analizlərin aparılması prosesində də iştirak edəcəkmi?

- Bu əsasən məhkəmə tibbi-ekspertiza mütəxəssislərinin işidir. Həmin cəsədlərin kimə məxsus olduğunu bilmək üçün onların varisləri tapılmalı, DNK analizləri aparılmalı, nəticələr bir-biri ilə tutuşdurulmalıdır. Tarixçilərin əsas sənəti isə arxiv sənədləri əsasında həqiqəti üzə çıxarmaqdır.

- Komissarların əksəriyyəti azərbaycanlı olmayıblar. Onlar varislərinin tapılması istiqamətində yəqin ki, problemlər olacaq.

- Səhv etmirəmsə, onların arasında cəmi 2 azərbaycanlı olub. Vəzirov və Əzizbəyov. Məncə Vəzirov heç komissar da olmayıb. Əzizbəyov da “uyezd komissarov” adlanan başqa bir qurumun üzvü olub. Onların cəsədinin də “Sahil bağı”ndan çıxarılmış qalıqların arasında olub-olmaması ilə bağlı hələlik dəqiq fikir söyləmək olmaz. Bu sahədə ciddi tədqiqatlar aparılmalıdır. Onların varislərindən kim qalıb, kim qalmayıb, kim burdadır, kim xaricdədir? Bunlar aydınlaşdırılmalıdır. Hesab edirəm ki, cəsədlərin qalıqlarının “Sahil bağı”ndan çıxarılıb başqa yerə basdırılması düzgün qərardır. Bu məsələ təkcə Azərbaycanda deyil, ölkənin hüdudlarından kənarda da müzakirə olunur və birmənalı qarşılanmır.

- Stepan Şaumyanın nəvəsi Tatyana Şaumyan babasının güllələnməməsi və Hindistana qaçırılması ilə bağlı deyilənləri Azərbaycan-Ermənistan münaqişəsi nəticəsində yaranan əfsanə adlandırıb. Azərbaycan elminə bu barədə nə məlumdur?

- Komissarların bir qisminin Hindistana aparılması fərziyyəsi Ermənistan-Azərbaycan münaqişəsindən qabaq da var idi. Bu fikirlər sənədlər əsasında formalaşmışdı. Hətta ingilis mənbələrində də bu barədə məlumatlar var. İngilis mənbələrində komissarların güllənməsi faktı da təkzib edilir. Hindistanın paytaxtı Dehlidə Videl Qarden adlanan ərazi var. Orada 20-dək naməlum qəbir var. Nədənsə bu qəbirləri yalnız erməni turistləri ziyarət edirlər. Bunun özü də maraqlı faktdır.

- Belə görünür ki, həqiqəti aşkar etmək üçün xarici ölkələrə ezamiyyətlər təşkil olunmalıdır.

- İlk növbədə İngiltərəyə ezamiyyə təşkil etmək maraqlı olardı. O zaman ingilislər dəqiqliklə hadisəni qeydə alırdılar, arxivləşdirirdilər. AMEA bu yaxınlarda İngiltərədəki arxiv materiallarına əsaslanaraq hazırlanmış “Azərbaycan Xalq Cümhuriyyəti arxiv materialları əsasında” adlı kitab buraxıb. İndi isə qarşıda başqa məqsəd var - 26 Bakı komissarı ilə bağlı məlumatları aşkar etmək. Yəqin ki, ingilis arxivlərində hansısa məlumatları əldə etmək mümkün olacaq. Hindistan da əsas istiqamət kimi gündəlikdə durur. Yəqin ki, orada da tədqiqatlar aparmaq mümkün olacaq. Bunlarla yanaşı Rusiya və Azərbaycan arxivlərində də tədqiqatlar aparılacaq. Biz həqiqəti bilmək istəyirik. Həm özümüz, həm də bu məsələ ilə bağlı səs-küy salanlara əsaslı cavab vermək üçün.

- Sizcə, səs-küy salanların məqsədi nədir?

- Əsas məqsəd bizi gözdən salmaqdır. Yaxşı bilirlər ki, komissarların əksəriyyəti azərbaycanlı deyil. Yaxşı bilirlər ki, komissarların əksəriyyəti erməni olub. Ona görə də hesab edirlər ki, guya bu yolla onlardan qisas alırıq. Amma elə Rusiyanın özündə də Leninlə bağlı fikir ayrılığı hələ də qalmaqdadır. Bəziləri deyir ki, o, mavzoleydən çıxarılıb basdırılmalıdır. Kommunistlər isə deyilər ki, mavzoleydə qalmalıdır. Ermənilərin bu məsələyə kəskin reaksiyası ancaq ideologiya ilə bağlıdır. Guya biz komissarlara hörmətsizlik edib onları narahat edirik, yerlərindən tərpədirik. Amma bu tamamilə düz qərardır.

- Tatyana Şaumyan onu da bildirib ki, babasının orada olmamasına inanmaq mümkün deyil. O, hətta DNK analizinə hazır olduğunu da deyib.

- Çox gözəl, elə isə öz qanının nümunəsini göndərsin, biz burada tutuşdurarıq. Baxmayaraq ki, DNK analizi çox bahalı prosesdir, ancaq biz həqiqət naminə buna da razıyıq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:35 20 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gomruk prosedurlarinin sadelesdirilmesi ve suretlendirilmesile bagli seminar kecirilir
    Gömrük prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi...
  • azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib
    Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş elmi-praktiki...
azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267