Azərbaycan MTN “Bakı-Novorossiysk” neft kəmərini partlatmağı planlaşdıran radikal dini qrupu zərərsizləşdirib

Bakı - APA. Bu günlərdə Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində keçirilmiş əks-kəşfiyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşlarından ibarət radikal dini təmayüllü bir qrup şəxs ifşa olunub və zərərsizləşdirilib.
MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə,
müəyyən edilib ki, beynəlxalq terrorçu şəbəkə ilə əlaqəli olan həmin qrup qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmə yaradaraq Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyin pozulmasına, dövlətin dünyəvi və demokratik inkişafdan çəkindirilməsinə yönəlmiş qanunsuz hərəkətlər törətməyi planlaşdırıb.

Qrupun rəhbəri «Abdulla» ləqəbli Azər Misirxanov vaxtilə müxtəlif münaqişə zonalarında qanunsuz silahlı birləşmələrin tərkibində xüsusi təlimlərdə və döyüş əməliyyatlarında iştirak edib. O, 2001-ci ildə Azərbaycan dövlət sərhədini qeyri-qanuni keçərkən saxlanılıb, sərhədi qanunsuz keçməyə və qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmənin tərkibində iştirak etməyə görə məhkum olunub. Lakin A. Misirxanov cəza müddəti bitdikdən sonra cinayətkar niyyətlərindən əl çəkməyib, Azərbaycanda daha geniş miqyaslı və təhlükəli cinayətlər törətməyi planlaşdırıb. Son əməliyyat məlumatlarına görə, antiterror koalisiyası qüvvələrinə qarşı terrorçuluq əməllərində iştirak etmək məqsədilə Azər Misirxanov xarici ölkə ərazisinə keçib.

A. Misirxanovun rəhbərliyi ilə Rəşid Mustafayev, Faiq Cəfərov, Firdovsi Quliyev, Vasif Ömərov, Vüsal İsayev, Mahir Allahverdiyev, Elməddin Fərəcov, Asif Əmikişili, Alkərəm Məmmədov, Rəşad Nəbiyev, Tural Həsənov, Ceyhun Əliyev və qeyriləri qabaqcadan əlbir olub qrup halında cinayətkar fəaliyyət göstərib. Onlar odlu silah və partlayıcı maddələrin əldə edilməsi və gizli surətdə respublika ərazisinə keçirilməsi, daşınması və saxlanılmasında, eləcə də Azərbaycanda terrorçuluq əməlinin, quldurluq və digər cinayətlərin törədilməsində iştirak ediblər. Silahlı birləşmənin üzvləri təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Həmin şəxslər üzv olduqları silahlı birləşmənin fəaliyyəti, plan və niyyətləri barədə ətraflı ifadələr veriblər.

Müəyyən edilib ki, bu silahlı birləşmənin üzvləri Bakı şəhəri, Nərimanov rayonundakı «Əbu Bəkr» məscidində 2008-ci il avqustun 17-də terrorçuluq törədilməsində təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilmiş «Meşə qardaşları» adlı silahlı birləşmənin rəhbərlərindən biri «Süleyman» ləqəbli Samir Mehdiyevin Azərbaycanda istintaqdan yayınaraq digər dövlətin ərazisində gizlənməsini təşkil ediblər. Bundan başqa, məlum olub ki, Azər Misirxanov 2008-ci ilin sentyabr ayında qrupun fəal üzvlərindən biri Rəşid Mustafayevi gizləndiyi xarici ölkəyə çağıraraq kirayədə qaldığı evdə onunla görüşüb. Azər Misirxanov rəhbərlik etdiyi silahlı birləşmənin Azərbaycan ərazisində cinayətkar fəaliyyətini təmin etmək məqsədilə, kirayə qaldığı evdə topladığı və qaçaq yolla Azərbaycana aparılacaq çoxlu sayda odlu silah, döyüş sursatı və digər hərbi ləvazimatlarını Rəşid Mustafayevə göstərərək, onların və bundan sonra da göndəriləcək digər silah-sursatın Azərbaycanda qəbul edilməsini tapşırıb.

Həmçinin müəyyən edilib ki, Azər Misirxanov Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində sabitliyi pozmağı, əhali arasında vahimə yaratmaq üçün bir sıra terrorçuluq aksiyalarını təşkil etməyi, o cümlədən «Bakı-Novorossiysk» neft boru kəmərini partlatmağı planlaşdırıb. Azər Misirxanov bununla əlaqədar Rəşid Mustafayevi təlimatlandırıb və ona müvafiq göstərişlər verib.

Bu göstərişlərin icrası məqsədilə, Rəşid Mustafayev Bakıya qayıtdıqdan sonra 2008-ci ilin oktyabr ayında Azərbaycandan Rusiya istiqamətində nəql olunan neft kəmərlərinin yerinin müəyyənləşdirilməsi və onların partladılması üçün partlayıcı qurğuların hazırlanmasını silahlı birləşmənin digər üzvü Asif Əmikişiliyə həvalə edib. Asif Əmikişili 2008-ci ilin oktyabr ayında Xaçmaz rayonuna gəlib, ərazidən keçən böyük həcmli boru kəmərlərini yanlış olaraq «Bakı-Novorossiysk» neft kəməri hesab edərək, həmin borularda partlayışın törədilməsi üçün əlverişli yeri müəyyənləşdirib və bu barədə Rəşid Mustafayevi məlumatlandırıb.

Asif Əmikişili Sumqayıt şəhərində elektrodetonator, partlayıcı maddə olan 2 kiloqram 500 qram plastiddən istifadə edərək saat mexanizmi ilə işləyən iki partlayıcı qurğu hazırlayıb və 2008-ci il oktyabr ayının ortalarında ictimai nəqliyyat vasitəsində Xaçmaz rayonuna gəlib. O, Bakı-Xaçmaz yolunun 149-cu kilometrliyində, Vəlvələçayın üzərindəki körpüdən təxminən 500 metr aralı, əvvəlcədən müəyyən etdiyi yerdə, hər iki borunun yan tərəfində partlayıcı qurğuları yerləşdirib. Asif Əmikişili partlayışların vaxtını həmin gün üçün saat 24:00 təyin edərək qurğuları işə salıb. Bundan sonra, Asif Əmikişili Sumqayıt şəhərinə qayıdaraq partlayıcıların yerləşdirməsi barədə Rəşid Mustafayevə məlumat verib və onlar partlayış barədə kütləvi informasiya vasitələrində məlumatların yayımlanacağını izləyiblər. Lakin kütləvi informasiya vasitələrində hər hansı partlayış barədə məlumatın verilmədiyini gördükdə onlar həmin qurğuların işə düşmədiyi qənaətinə gəliblər. Bunu yoxlamaq məqsədilə Asif Əmikişili yenidən həmin əraziyə gedib, burada hər iki borunun partlayaraq sıradan çıxdığını görüb və partlayışların baş tutması xəbərini Rəşid Mustafayevə çatdırıb.

Bu epizod üzrə Asif Əmikişlinin istintaqa verdiyi ifadəsinin yerində yoxlanılması zamanı həmin partladılmış boruların həqiqətən Xaçmaz rayonu ərazisində yaşayış məntəqələrinin yaxınlığında yerləşdiyi müəyyən edilib, lakin bu borularla neft deyil, Bakıya içməli suyun nəql edilməsi üçün böyük həcmli ehtiyat boru kəmərlərinin olduğu aydınlaşdırılıb. Həmçinin, hadisə yerindən cinayətin izlərini özündə əks etdirən çoxlu sayda maddi sübut aşkar edilərək götürülüb. Neft kəmərlərinin deyil, səhvən ehtiyat su borularının partladılması bu qrupun üzvlərinin məqsədlərinə çatmaq üçün öz xalqına qarşı dəhşətli fəlakət törətməkdən belə çəkinmədiklərini, böyük ictimai təhlükəli cinayətkar niyyətlərinin olduğunu təsdiqləyir.

Həmçinin, məlum olub ki, Rəşid Mustafayev 2008-ci ilin sentyabr-noyabr aylarında Azər Misirxanovun göstərişinə əsasən, iki dəfə Balakən rayonunun Katex kəndinə gedərək, hazırda şəxsiyyətləri istintaqla araşdırılan bir neçə nəfərlə görüşüb. Rəşid Mustafayev həmin şəxslərin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirdikləri çoxlu sayda silah-sursatı və hərbi ləvazimatları Sumqayıt şəhərinə gətirib və silahlı birləşmənin digər üzvü Faiq Cəfərovla birlikdə kirayə etdikləri qarajda gizlədiblər.

Cinayətkar hərəkətlərini davam etdirən Rəşid Mustafayev Azər Misirxanovun tapşırığı ilə təxminən 2008-ci ilin noyabr ayının axırlarında qaçaqmalçılıq yolu ilə respublikaya gətirilmiş silah-sursatın növbəti hissəsini qəbul etmək üçün Faiq Cəfərovu Balakən rayonunun Katex kəndinə göndərib. Faiq Cəfərov kəndin ərazisində hazırda şəxsiyyətləri istintaqla araşdırılan şəxslərlə görüşüb onlardan yenidən xeyli silah, döyüş sursatı və hərbi ləvazimatları alıb, onları da Sumqayıta gətirərək gizlədib.

2009-cu il yanvarın 14-də xüsusi plan əsasında keçirilmiş antiterror tədbirləri nəticəsində silahlı birləşmənin üzvləri yaxalanıb. Yuxarıda qeyd olunan odlu silahlar, döyüş sursatı, partlayıcı maddələr və digər hərbi ləvazimatların bir hissəsi Faiq Cəfərovun Abşeron rayonunun Saray qəsəbəsindəki evinin yaxınlığında olan qamışlıqdakı gizli saxlanc yerindən aşkar edilərək götürülüb.

İstintaq-əməliyyat tədbirləri ilə silahlı birləşmənin üzvlərinin gizlətdikləri silah-sursat və hərbi ləvazimatların digər hissəsi də aşkar olunaraq götürülüb. Belə ki, silahlı birləşmənin üzvü Alkərəm Məmmədovun Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşayan yaxın qohumunun bağ evinin həyətində keçirilmiş baxış zamanı 1,5 metr dərinlikdə qazılmış quyuda basdırılan plastmas çəlləyin içərisindəki silah-sursat və hərbi ləvazimatlar müəyyən edilərək çıxarılıb.

Bütövlükdə silahlı birləşməyə məxsus 3 ədəd terrorçular arasında «şəhid kəməri» adlandırılan və içərisində ümumilikdə 5 kiloqramdan artıq partlayıcı maddə olan plastid, 1 ədəd 200 qramlıq trotil şaşkası, 2 ədəd «RPQ-7» tipli əl qumbaraatanı və ona aid 5 ədəd mərmi, 2 ədəd döyüş vəziyyətində olan «Muxa» tipli əl qumbaraatanı, 7 ədəd «AKS» tipli avtomat, 2 ədəd «AKSU» tipli avtomat, 1 ədəd «UZİ» tipli avtomat, 1 ədəd «EAQLE» tipli avtomat, 3 ədəd «Makarov» tipli tapança, 1 ədəd «Maqnum» tipli tapança, 1 ədəd «Umareks» tipli tapança, 1 ədəd «Siq Sauer» tipli tapança, 1 ədəd «Fort-14» tipli tapança və ona aid səsboğucu, 1 ədəd «Vinçester» tipli tüfəng, 57 ədəd müxtəlif avtomat silah və tapança üçün dolu daraq, 60 ədəd elektrodetonator, 22 ədəd partlayıcını kənardan elektron idarə etmə qurğusu, 12 ədəd «F-1» tipli əl qumbarası, 11 ədəd «RQD-5» tipli əl qumbarası, 5 ədəd xaricdə istehsal olunmuş əl qumbarası, 25 ədəd qumbara alışdırıcısı, 12 ədəd detonator üçün kapsula, 20 ədəd «KENWOOD» tipli radiostansiya, 10 ədəd siqnal fişəngi, 1 ədəd partlayıcı qurğu üçün nəzərdə tutulmuş saat mexanizmi, 1 ədəd kompas, habelə çoxlu sayda müxtəlif çaplı patron və digər hərbi ləvazimatlar aşkar olunaraq götürülüb.

Eyni zamanda, istintaqa məlum olub ki, cinayətkar niyyətlərini həyata keçirmək üçün əlavə pul vəsaitlərinin əldə olunması və bunun hesabına öz maddi-texniki imkanlarını gücləndirmək məqsədilə silahlı birləşmənin üzvləri quldurluq və soyğunçuluq əməllərinin də törədilməsinə cəhd göstəriblər. Belə ki, silahlı birləşmənin üzvləri Firdovsi Quliyev, Mahir Allahverdiyev, Asif Əmikişili, Vasif Ömərov və Elməddin Fərəcov 2007-ci il martın 28-də Azər Misirxanovun verdiyi avtomat və tapança ilə silahlanaraq, həmçinin aralarında rabitə üçün radiostansiyadan istifadə edərək saat 22:00 radələrində Sumqayıt şəhərində valyutadəyişmə məntəqəsinin işçilərinin hərəkət etdikləri avtomaşına silahlı basqın ediblər. Valyutadəyişmə məntəqəsinin işçiləri - İlham Əmirli, Seyhun Tarverdipur və onun qardaşı polis nəfəri Qalib Tarverdipurun olduqları «Tofaş» markalı avtomaşını saxlamaq və oradakı pulu ələ keçirmək məqsədilə qrupun üzvləri avtomaşın istiqamətində avtomat silahdan atəşlər açıb, nəticədə onların hər üçü güllə yarası alıb. Lakin nəqliyyat vasitəsi dayanmayaraq hadisə yerindən uzaqlaşdığından, basqınçılar öz məqsədlərinə çata bilməyiblər.

Bundan başqa, araşdırmalar zamanı məlum olub ki, silahlı birləşmənin üzvləri Rəşid Mustafayev, Ceyhun Əliyev, Tural Həsənov və qeyriləri Bakı şəhəri, Nizami rayonunda yerləşən «Veysəloğlu» adlı şirkətə məxsus pul vəsaitlərini daşıyan avtomaşını qarət etmək barədə razılığa gəliblər. Bu məqsədlə Rəşid Mustafayev, Ceyhun Əliyev, Tural Həsənov və qeyriləri «Makarov» tipli tapançalarla silahlanaraq, 2008-ci il oktyabrın 30-da Tural Həsənovun idarə etdiyi «VAZ-2107» markalı avtomaşınla «Veysəloğlu» adlı şirkətin yaxınlığına gəlib və müşahidə aparmağa başlayıblar. Qrupun üzvləri adıçəkilən şirkətə məxsus avtomobili Tural Həsənovun idarə etdiyi «VAZ-2107» markalı avtomaşında Heydər Əliyev prospekti, 56 ünvanda yerləşən «Parabank» bankınadək izləyiblər. Lakin ətrafda adamların çoxluğundan və əyləşdikləri «VAZ-2107» markalı avtomaşının yadda qala biləcəyindən ehtiyatlanaraq, onlar hücum etməyib, basqını ertəsi günə planlaşdırıblar. 2008-ci il oktyabrın 31-də qrupun üzvləri yenidən silahlanıb Bakı metropoliteninin «28 may» stansiyasının yanında görüşərək «Veysəloğlu» şirkətinin yaxınlığına gəliblər. Rəşid Mustafayev və Ceyhun avtomaşından düşərək pusquda durub, Tural Həsənov və qeyriləri isə basqında istifadə etmək məqsədilə hər-hansı atvomaşın əldə etmək üçün Nizami rayonunun Babək prospektindəki «maşın bazarı» adlanan əraziyə gəliblər.

Tural Həsənov və qeyriləri həmin ərazidə vətəndaş Elçin Hüseynovun idarə etdiyi «Mercedes» markalı taksi maşınını saxlayaraq, onları «Neolit» restoranın yanına aparmağı istəyiblər. Tural Həsənov və qrupun digər üzvü tapança silahla Elçin Hüseynova hədə-qorxu gələrək onun avtomaşınını əlindən alıb və həmin yerdən uzaqlaşıblar. Lakin zərərçəkmişin şikayəti ilə rayon ərazisində dövlət yol polisi əməkdaşlarının onları təqib etdiklərini görüb Tural Həsənov və qeyriləri avtomaşını Keşlə qəsəbəsindəki məscidin yayında ataraq qaçıb gizləniblər. Onlar özlərinin təqib olunduqları barədə Rəşid Mustafayevi xəbərdar edib və qrupun üzvlərinin basqın cəhdləri iradələrindən asılı olmayan səbəbdən baş tutmayıb.

Göstərilən bütün faktlar üzrə Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 29,214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən terrorçuluğa cəhd), 29, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluğa cəhd), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı və partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə), 229.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatını və partlayıcı maddələri və qurğuları hazırlama) 181.2.1-ci, 181.2.5-ci (quldurluq), 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qaçaqmalçılığı) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə cinayət işi istintaq olunur.

Cinayətkar qrupun digər üzvlərinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması, işin bütün hallarının araşdırılması üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, materiallar əsasında hazırlanmış “Tağutun siması” adlı sənədli film sabah Az.TV-də yayımlanacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:35 20 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gomruk prosedurlarinin sadelesdirilmesi ve suretlendirilmesile bagli seminar kecirilir
    Gömrük prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi...
  • azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib
    Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş elmi-praktiki...
azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267