Azərbaycan paytaxtında erməni məhbusun məhkəməsi davam edir - FOTO

Bakı. Hafiz Heydərov - APA. Bu gün Binəqədi rayon Məhkəməsində saxlanıldığı 11 saylı Cəzaçəkmə Müəssisəsindən qaçmaqda təqsirləndirilən məhbus Edqar Sərkisyanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, hakim Natiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttiham aktına görə, E. Sərkisyan Cinayət Məcəlləsinin 304-cü (həbsdən və ya mühafizə altından qaçma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələri ilə təqsirli bilinir. Məhkəmədə çıxış edən E. Sərkisyan ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirkar bilib. O, cəzaçəkmə müəssisəsindən qaçmağa cəhd göstərdiyini etiraf etsə də, heç kimə müqavimət göstərmədiyini söyləyib: “Bəli mən qaçmaq istəyirdim, amma buna nail olmadım. İmkan düşən kimi, yenə qaçacağam”.

E. Sərkisyan qaçmaq istəməsini saxlanıldığı cəzaçəkmə müəssisəsində ona qarşı qeyri-normal hərəkətlərə yol verilməsi ilə izah edib: “Baş verənlərə dözə bilmədim və həbsdən qaçmağa qərar verdim”.

Sonra prosesdə zərərçəkən şəxs, 11 saylı Cəzaçəkmə Müəssisəsində xidmət edən Mühafizə Alayının çavuşu Şəhriyar Hüseynovun ifadəsi dinlənilib. Ş. Hüseynov hadisə baş verən gün, ötən il noyabr ayının 7-dən 8-ə keçən gecə cəzaçəkmə müəssisəsinin nəzarət buraxılış məntəqəsində növbə çəkdiyini bildirib. Məhbus qaçarkən ona mane olmağa çalışan Ş. Hüseynov müqavimətlə üzləşdiyini söyləyib: “Mən onu tutdum, dedim ki, qaçmasın. O isə məni yumruqla, təpiklə vuraraq qaçıb getdi. Arxasınca qaçsam da, çata bilmədim. Tabeliyimdə olan əsgərə atəş açmaq əmri verdim”.

Məhbusun qaçmasına əngəl olmaq üçün ona xidməti silahından atəş açan əsgər Elçin Qafarov məhkəmədə verdiyi ifadəsində atdığı 11 güllədən heç birinin E. Sərkisyana dəymədiyini bildirib. Məhkəmədə ifadə verən digər əsgər Nahid Mirzəyev isə məhbusa dəfələrlə “Dayan!” əmri verdiklərini, buna məhəl qoymadığı üçün ona tərəf üç dəfə atəş açdığını bildirib: “Güllələrdən biri ona dəydi, yıxıldı. Dərhal qaçıb yaxaladıq”.

Daha sonra məhkəmədə cəzaçəkmə müəssisəsində xidmət edən digər əsgər və zabitlər, həmçinin müəssisənin əməkdaşları ifadə veriblər.

Proses fevralın 4-də davam etdiriləcək.

Qeyd edək ki, bacısını və qardaşını zorlamaqda, onları döyməkdə ittiham olunaraq, 14 il müddətinə azadlıqdan məhrum edilən E. Sərkisyan cəza çəkdiyi 11 saylı Cəzaçəkmə Müəssisəsindən qaçmaqda təqsirləndirilir. O, 2008-ci il noyabrın 8-də qaçmağa cəhd göstərib. Həmin vaxt ərazidə xidmətdə olan əsgərlərin əmrinə tabe olmayan məhkuma atəş açılıb. Nəticədə o, ayağından güllə yarası alıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xacmazda 3 masin toqqusub olen ve xesaret alan var foto
    Xaçmazda 3 maşın toqquşub, ölən və xəsarət alan var - FOTO...
  • turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ...
turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267